Türkiyənin Baş naziri Əhməd Davudoğlu canlı yayım zamanı gündəmlə bağlı sualları cavablandırıb.
ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 1915-ci il hadisələriylə bağlı yazdığı başsağlığı mesajına görə gələn suallara cavab verib: “Məsələyə birtərəfli yanaşmaq yox, həm də ağrı-acını paylaşmaq lazımdır. Bir-birimizi anlamağa çalışırıq. Yəni tarixi doğru başa düşək, bugünkü siyasəti sülhsevər edək və gələcəyimizi birgə inşa edək. Bu Türkiyənin rəsmi yanaşmasıdır”.Davudoğlu Azərbaycan-Ermənistan münaqişəsinə də toxunub: “Sərhədləri açmağımızı istəyəndə, onlara Azərbaycan rayonlarından çıxın demişdim. Azərbaycan torpaqlarını azad etsəniz, biz də sərhədləri açarıq. İkinci bir tərəf odur ki, sərhədlər açıq olsaydı, hazırda sülh bərqərar olmuş olardı. Biz onlara dedik ki, hər şey əvvəlki kimi olsa və ya problem aradan qaldırılsa, türklər və ermənilər dərdləşər, erməni bəstəkarlarla birlikdə yeniliklər edərik. Bütün bunları göz önünə gətirərək İstanbulda erməni patriarxının təşkilatçılığı ilə anım mərasimi keçirəcəyik”.
Davudoğlu hər şeyə rəğmən erməni diasporasını təmin etməyin mümkün olmadığını vurğulayıb.