Rusiya Suriya məsələsi ilə bağlı vassallarını bir araya toplayır

Rusiya Suriya məsələsi ilə bağlı vassallarını bir araya toplayır backend

Dünyada, xüsusilə Suriyada baş verən hadisələrin fonunda Rusiya öz ətrafında yaratdığı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatına daxil olan dövlətləri Qırğızıstanın paytaxtı Bişkek şəhərində bir araya toplayır.

Rusiya və Ermənistan mətbuatında bunu istehza ilə Rusiyapərəst blokların növbəti “sxodka”sı adlandırırlar.

Erməni mətbuatının yazdığına görə, ABŞ-ın Suriyaya endirdiyi raket zərbələri indi Kremli öz müttəfiqlərinə daha çox sarılmağa və onlardan daha böyük dəstək gözləməyə vadar edir.

Mətbuat BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbul edilməsində Çinin bitərəf mövqe nümayiş etdirərək Rusiyanı tək qoyduğunu xatırladır.

Bundan başqa, Təhlükəsizlik Şurasında Rusiyanın Avrasiya İttifaqında və KTMT-dəki yaxın müttəfiqi sayılan Qazaxıstanın da eyni mövqeni nümayiş etdirməsi Moskva üçün olduqca pis sürpriz hesab edilir.

Belə bir fonda Rusiya öz təşkilatlarındakı dövlətləri “mənimləsiz ya yox” seçimi qarşısında qoyacağı təxmin edilir.
Ermənistan politoloqları bu sualı öz dövlətlərinə verməyin artıq olduğunu düşünür.

Bunlardan biri də Türkiyə və Azərbaycana qarşı xüsusi aqressiv mövqeyi ilə seçilən siyasi ekspert İqor Muradyandır.
“Cənubi Qafqaz haqqında artıq heç kim danışmır, çünki bu bölgə heç kimi maraqlandırımır. Təəssüf ki, Ermənistan artıq mövcud deyil. Ermənistana suveren dövlət kimi baxmaq olmaz, o, Rusiyanın sadəcə kiçik vassalı, onun tərkib hissəsidir”, - Muradyan qeyd edib.

Onun sözlərinə görə, bir neçə ildən sonra Ermənistanın suverenlik məsələsi BMT-də bu cür qaldırılacaq- siz doğrudanmı suveren dövlətsiniz, Qərb dünyasının dostunuz, yoxsa NATO və ABŞ-ın düşmənisiz? Həmin vaxtda isə artıq çox gec olacaq və biz hər şeyimiz itirəcəyik”, - erməni politoloq bildirib.

Politoloq Avropanın Ermənistana münasibətinin əvvəl necə idisə, eynilə olduğu kimi qaldığını söyləyib. O, yaxın vaxtlarda bununla əlaqədar prinsipial dəyişikliklər gözləmədiyni qeyd edib.

Muradyan hətta Ermənistandakı son konstitusiya islahatının Rusiyadan daha çox asılı vəziyyətə düşməsi üçün həyata keçirildiyini vurğulayıb. Yeni parlament seçkilərini isə erməni politoloq gülünc hadisə adlandırmaqdan çəkinməyib.

Erməni ekspertlərini narahat edən əsas məsələ Suriyada baş verən hadisələrin Cənubi Qafqaz məsələsinə hansı dərəcədə əks olunması və Rusiyanın, habelə ABŞ-ın regionla bağlı gələcəkdə hansı mövqe nümayiş etdirəcəyi ilə bağlıdır.

Digər erməni politoloqu Riçard Kirakosyan Ermənistan üçün birbaşa Suriya münaqişəsinin deyil, Rusiyanın atacağı diplomatik addımların təhlükəli olacağını qeyd edib.

Riçard Kirakosyan Suriyada baş verənlərin fonunda ABŞ tərəfinin Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyaya hansı ölçüdə diplomatik təşəbbüs verəcəyinin Ermənistan üçün təhlükə doğuracağını vurğulayıb.

“Belə bir fonda Ermənistan üçün əsas təhlükə ABŞ-ın Qarabağ məsələsinə kifayət qədər müdaxilə etməməsi ola bilər. Bu da bizim “təbii müttəfiqimiz” Rusiyanın atacağı addımlardan asılıdır”, -Kirakosyan bildirib.