Türkiyənin baş naziri Əhməd Davudoğluuydurma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar yazılı açıqlama ilə çıxış edib.APA-nın xəbərinə görə, Ə. Davudoğlu 1915-ci ildə, köç zamanı ölən Osmanlı ermənilərini hörmətlə anıb, onların övladları və nəvələrinin acısını bölüşdüyünü bildirib və başsağlığı verib.
Ə. Davudoğlu deyib ki, Osmanlı İmperiyasının son illərində əsrlər boyunca sülh və qardaşlıq içində bir arada yaşamış fərqli etnik və dini kökəndən olan bir çox Osmanlı vətəndaşı böyük acılar yaşayıb: “Birinci Dünya müharibəsi şəraitində bu acıları yaşayan fərqli etnik, dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən məsum Osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığı veririk. Türkiyə və Ermənistanın birlikdə, hər iki tərəfə yaraşan bir mərasimlə Osmanlı ermənilərini anmaları çox mənalı olardı. Qrant Dinkin ölüm ildönümü ilə əlaqədar yaydığım açıqlamada ifadə etdiyim kimi, iki qədim xalqın bir-birini anlama və birlikdə gələcəyə baxma yetkinliyinə yüksəlmələri mümkündür”.Ə. Davudoğlu 100 il əvvəl türk-müsəlman Osmanlı vətəndaşlarının da sürgün və kütləvi qətllərə məruz qaldıqlarını vurğulayıb: “Bu gerçəyi görməmək, acılar arasında ayrı-seçkilik etmək tarixi baxımdan yanlış olduğu qədər, vicdani baxımdan da qəbul edilə bilməz. Yüz il əvvəl sevinc və kədərdə eyni taleni bölüşmüş iki xalqın nəvələri olaraq bizə düşən məsuliyyət yüz ilin yaralarını sarıyaraq insani əlaqələrimizi yenidən təmin etməkdir. Türkiyə dostluq və barış üçün əlindən gələni etməyə davam edəcək. Bütün üçüncü tərəflərə də tarixi yaraları deşmək yerinə, ortaq sülhə əsaslanan gələcəyə töhfə verməyə çağırırıq. Hər şeyi tək bir kəlməyə bağlayaraq, məsuliyyəti sadəcə türk millətinə yükləmək, hətta bunu nifrət ritorikası ilə birləşdirmək həm vicdani, həm də hüquqi baxımdan problemlidir”.