Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Ailə və Sosial Siyasət naziri Fatma Qayanın Hollandiyada qarşılaşdıqları vəziyyətə, yaranan gərginliyə bu ölkənin mətbuatı geniş yer ayırıb.
Axar.az xəbər verir ki, Hollandiyanın ən yüksək tirajlı qəzeti olan “Teleqraf” konfliktlə bağlı “Türklərin hiddəti artır” başlıqlı xəbər yayımlayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt təhdidini diqqətə çatdırıb.“De Volksrant” qəzeti “Sükanı qıra bilmərik, toqquşmaq üzrəyik” başlıqlı xəbərində iki ölkə arasında yaranmış gərginlikdən söz açıb.
“Alqemeen Daqblad” qəzeti isə “Türkiyə üzr istəməyimizi tələb edir” başlıqlı xəbər yayaraq, “Türkiyə Hollandiyadan üzr istəməyi tələb edir və bizi sanksiya tətbiq etməklə qorxudur”, - yazıb.
Qəzet internetdə keçirdiyi sorğuda oxucularına “Hollandiyanın Türkiyəyə qarşı belə mövqe sərgiləməsi sizi qane edirmi” sualını ünvanlayıb və respondentlərin 92 %-i buna “qane edir” cavabını verib.
Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Qaya isə Hollandiyada “arzuolunmaz şəxs” olunub.