Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazənin ləğv edilməsindən sonra Ankara ilə Niderland arasında diplomatik qalmaqal yaşanır.
AzVision.az xəbər verir ki, Hollandiyanın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb. Hollandiyalı diplomata Çavuşoğlunun bu ölkəyə buraxılmamasına görə etiraz edilib.Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib ki, Hollandiya hökumətinin bu qərarı qəbuledilməzdir. XİN rəhbəri Hollandiyaya cavab veriləcəyini istisna etməyib.
Türkiyənin baş naziri Binəli Yıldırım Avropa ölkələrinə səslənərək ölkələrinin daxili işlərinə qarışmamağı məsləhət görüb: "Bu addımlar dostluğa, müttəfiqliyə sığmaz. Xəbərdarlıq edirəm ki, bizim işlərimizə burunlarını soxmasınlar. Türkiyənin düşməni ilə dostluq edənlər bizimlə düşmən mövqedə olanlardır".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan XİN rəhbəri Mövlud Çavuşoğlunun Hollandiyaya buraxılmamasına etirazını bildirib. Ərdoğan bu hərəkətində görə Hollandiya hökumətini faşist adlandırıb.
Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunin təyyarəsinin eniş icazəsini ləğv edib.