Havay adaları Trampın yenilədiyi səyahət qadağası fərmanını məhkəməyə verir. Havay qubernatoru bildirib ki, Trampın yenilənən fərmanı müsəlman əhali, turist və xarici tələbələrə ciddi zərbə vuracaq. Sakit okean dövlətinin rəhbəri bildirib ki, yeni fərman dini azadlıqları məhdudlaşdırır.
Musavat.com "theguardian.com" saytına istinadən yazır ki, çərşənbə günü Honoluludakı federal məhkəməyə ölkə adından şikayət edilib. Lakin məhkəmənin baxdığı başqa işlər olmamasına baxmayaraq, şikayət hələ ki baxılmamış qalıb.Tramp yeni fərmanı bazar ertəsi imzaladı. Fərmana görə 6 müsəlman ölkəsi - Sudan, İran, Suriya, Liviya, Yəmən və Somali dövlətlərinin vətəndaşlarına ABŞ-a getmək üçün vizaların verilməsi qadağandır. Yeni fərmanın 27 yanvar tarixli fərmandan fərqi ondan ibarətdir ki, bundan öncə ABŞ-a vizası olanlara qanun şamil edilmir.
Xatırladaq ki, Trampın bundan öncəki fərmanı dünyada xaosa səbəb olmuş və ictimaiyyətin sərt reaksiyası ilə üzləşmişdi, çünki ABŞ-a getmək üçün fərmanda qeyd edilən ölkələrin vətəndaşları ABŞ-da yaşayan da olsa belə girişi qadağan idi. Gələn şikayətlər üzrə işə baxan federal məhkəmə buna görə də fərmanın icrasını dayandırmışdı.
Havay ştatı iddia edir ki, dəyişilən fərman konstitusiyaya görə dini azadlıqları məhdudlaşdırır və bu ölkənin iqtisadi və təhsil institutlarına ciddi zərər buracaq və Havayda yaşayan bu ölkə vətəndaşları o ölkələrdəki ailə üzvləri ilə görüşə bilməyəcəklər.
Şikayətdə fərman "müsəlman qadağası" adlandırılıb və bildirilir ki, yalnız müsəlman ölkələrinə şamil edilməsi federal qanunvericilik və konstitusiya ilə təsbit olunan dini azaqlıqlara qarşıdır. Havayın "Müsəlman Assosiasiyası"nın rəhbəri İmam İsmail Şeyx bildirib ki, ailə üzvləri ilə görüşmək mümkün olmayacaq və bu ailənin dağılması deməkdir.
Hazırda bilinmir ki, digər ştatlar da Havay kimi şikayət edəcəklər, ya yox? Vaşinqtonun baş prokuroru Bob Ferqyuson bildirib ki, o, yeni qaydanı incələyir. Nyu-Yorkun da baş prokuroru Erik Şnayderman məsələ ilə əlaqədar bildirib ki, fərman hazırda baxılmaqdadır.
Riçmond hüquq məktəbinin professoru Karl Tobias deyib ki, Havay ştatının şikayəti Vaşinqtonun hazırladığı şikayət kimidir, lakin iş udulacaqmı, orası məlum deyil. O deyir ki, işə baxacaq hakimi
Obama təyin edib və ola bilsin ki, şikayəti qismən təmin etsin.
O əlavə edib ki, yeni fərman daha çox milli təhlükəsizlik ruhundadır və əvvəlkindən fərqli olaraq adları çəkilən ölkə vətəndaşları tam qadağanı ifadə etmir, vəziyyətdən asılı olaraq bu ölkələrin də bəzi vətəndaşları ABŞ-a gələ biləcəklər. "Bu səbəbdən yeni fərmanın müsəlmanlara qarşı diskriminasiya etdiyi məsələsi çox qarışıqdır və buna görə də hakimi əksinə inandırmaq çətin olacaq", - Tobias bildirib.