Hindistanda iflic kişiyə görə 10 yaşlı qızı qurban verdilər

Hindistanda iflic kişiyə görə 10 yaşlı qızı qurban verdilər backend

Hindistanın Karnataka ştatında 10 yaşlı qızı qaçıran və iflic kişinin sağalması üçün qurban verən üç şəxs həbs edilib.

Qaziler.az-ın xəbərinə görə, bu barədə BBC News məlumat yayıb.

Polisin məlumatına görə, hadisəyə səbəb kənd sakinlərinin birinin xəstələnməsi olub. Onun doğma qardaş və bacısı yerli falçıya müraciət ediblər. Falçı onların qohumlarına cadu olunduğunu bildirərək qeyd edib ki, tilsimi yalnız insanı qurban verməklə qırmaq olar.

Bundan sonra bacı və qardaş 17 yaşlı yeniyetmənin köməyi ilə kənddə yaşayan azyaşlı qızı qaçırıblar.

Bir müddətdən sonra qızın meyiti kəndin kənarında tapılıb. Falçı qızın cəsədini ayində istifadə edilən alətlərlə birgə böyük zənbilə qoymuşdu.

Baş verənlərdən qəzəblənən kənd sakinləri cinayətkarların evini mühasirəyə alıb və daşlamağa başlayıblar. Onların qarşısını hadisə yerinə gələn polis əməkdaşları alıb. Cinayətdə əli olan üç nəfər həbs edilib.

Karnataka ştatı Hindistanın cənubunda yerləşir. Baxmayaraq ki, ştatın paytaxtı sürətlə inkişaf edən Hindistan meqapolisi Banqalor şəhəridir, burada orta savadlılıq dərəcəsi 66,6 faiz təşkil edir.