İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Twitter” sosial şəbəkəsində səhifə açıb. İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, M. Əhmədinejad ilk “tvit”ini ingiliscə yazıb: “In the name of God Peace be upon all the freedom loving people of the.” (Allahın adı ilə dünyanın bütün azadlıqsevər insanlarına.)
Sonra isə o, səhifənin doğrudan da onun özünə məxsus olduğunu sübut etmək üçün video yerləşdirib. Eks-prezident insanları “@Ahmadinejad1956” səhifəsini oxumağa çağırıb.
Sabiq prezident səhifəsində özünü “ata, baba, ailə başçısı, universitet professoru, prezident, mer və İranın qürurlu vətəndaşı” kimi tanıdıb.
İstifadəçilər dərhal xatırladıblar ki, 2009-cu ildə İranda keçirilən etiraz aksiyalarından sonra məhz Əhmədinejadın qərarı ilə “Twitter” İran ərazisində qapadılıb. Hazırda bu qadağanın davam etməsinə baxmayaraq, bir çox iranlı dövlət məmuru, o cümlədən prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Zərifin “Twitter”də səhifələri var.