3 mart Ümumdünya Vəhşi Təbiət Günüdür

3 mart Ümumdünya Vəhşi Təbiət Günüdür backend

Martın 3-də Ümumdünya Vəhşi Təbiət Günü qeyd edilir. 1973-cü ilin həmin günündə nadir flora və fauna növləri ilə beynəlxalq ticarəti tənzimləyən, CITEC kimi məşhurlaşan Konvensiya qəbul edilib. Vəhşi heyvan və yabanı bitki növləri CITEC-in siyahısına düşən kimi, bu növlərin beynəlxalq ticarəti nəzarətə götürülür. Nəzarətin dərəcəsi onların statusundan asılı olur: nəsli və kökü kəsilməkdə olan nadir növlərin ticarətinə nəzarətdən tutmuş tam qadağan olunmasına qədər. Hazırda 5600-dən çox heyvan, 30 mindən çox bitki növünə beynəlxalq səviyyədə nəzarət edilir.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Günü diqqəti vəhşi fauna və yabanı floranın müxtəlifliyinə və gözəlliyinə cəlb etmək imkanı verir, habelə təbiəti mühafizə tədbirlərinin insana faydası barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir. Bundan əlavə, həmin gün vəhşi təbiətə münasibətdə uzağa gedən iqtisadi, ekoloji və sosial nəticələr doğuran cinayətlərə qarşı mübarizənin gücləndirilməsinin zəruri olduğunu bizə xatırladır.

Bu il həmin gün “Gənclərin səslərini dinlə” şüarı ilə keçirilir.

Ümumdünya Vəhşi Təbiət Günü gənclərin təbiəti mühafizə ilə bağlı təxirəsalınmaz tədbirlərin vacibliyini bəyan etmələri və bu məsələdə öz həmrəyliyini nümayiş etdirmələri üçün yeni imkandır.