İnternetdən oğurlanan məlumatlar

İnternetdən oğurlanan məlumatlar backend

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər il milyonlarla insan internetdə fərdi məlumatların oğurlanmasının qurbanı olur.

Dohada (Qətər) Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü Konqres işini davam etdirir. İştirakçılar xüsusi tədbir çərçivəsində kibercinayətkarlıqla mübarizə məsələsini müzakirə ediblər.

Bildirilib ki, hər il milyonlarla insan internetdə kredit kartları və digər fərdi məlumatların oğurlanmasının qurbanı olur. Bu növ cinayətdən dəyən iqtisadi ziyanın illik məbləği 100 milyard dollara çatır.

Həmçinin qeyd olunub ki, hazırda dünyada təxminən üç milyard internet istifadəçisi var. Onların əksəriyyəti onlayn çıxışı genişzolaqlı mobil sistemlər vasitəsilə əldə edir. İnternet və kompüter texnologiyalarından istifadə edən insanların sayının sürətlə artması cinayətkarlıq fəaliyyəti üçün yeni imkanlar açıb.

Konfrans iştirakçıları vurğulayıblar ki, internet yarandığı ilk illərdə anonim xarakter daşıyıb, ayrı-ayrı şəxslər səviyyəsində onlayn fəallığın izlənilməsi üçün texniki imkanlar mövcud olmayıb. Lakin son illər cinayət axtarış sistemi əməkdaşları üçün İP ünvanlar və bağlantı jurnalları kimi anlayışlar adiləşib. Bunun nəticəsində müstəntiqlər internet istifadəçilərinin buraxdığı elektron “izlər”dən daha çox yararlanmağa başlayıb. Amma problem ondan ibarətdir ki, texnologiyalar durmadan inkişaf edir və kibercinayətlərin təhqiqatı zamanı yeni problemlər meydana çıxır.

“Onion routing” marşrutlayıcısı (kompüter şəbəkəsi ilə anonim məlumat mübadiləsi texnologiyası) kimi xidmətlər elektron məlumatların mənbəyinin, eləcə də “gizli xidmət”lər göstərən saytların identifikasiyasının müəyyənləşdirməsini çətinləşdirir. Onlardan narkotik, silah və ya uşaq pornoqrafiyasının satışı üçün qeyri-qanuni onlayn bazarların yaradılması üçün istifadə olunur.

Tədbir zamanı çıxış edən “Microsoft” korporasiyasının rəqəmli cinayətlərlə mübarizə şöbəsinin əməkdaşı Deyl Uotermen bildirib ki, cinayətkarlığın qarşısı yalnız birgə səylər nəticəsində alına bilər, çünki kibercinayətkarlıqla bağlı hadisələrin 70 faizi transmilli xarakterlidir.

“Özəl şirkətlər və ictimai sektor arasında tərəfdaşlıq möhkəmləndirilməlidir. Heç bir təşkilat böyüklüyündən asılı olmayaraq internetdə cinayətkarlıq problemini təkbaşına həll edə bilməz. Bu səbəbdən korporasiya hüquq-mühafizə orqanları, banklar, internet xidmətləri provayderləri ilə əməkdaşlıq edir”, - D.Uotermen qeyd edib.

BMT tərəfindən konqres iştirakçılarına ünvanlanan məruzədə 13 internet forumunda aparılmış məlumatların təhlili barədə məlumat verilir. Təhlildən məlum olub ki, oğurlanan bank kartları haqqında məlumatların siyahısı onlayn rejimdə 100 dollara təklif olunur, kredit kartları skaneri kimi qadağan olunmuş qurğular 2400 dollara satılır, - BMT saytı “www.un.org” yazır.
Diaspora