ABŞ prezidenti aprelin 24-də "soyqırım" sözünü işlətməyəcək.
ABŞ Prezidenti və Ağ Ev Administrasiyasının digər yüksəkvəzifəli nümayəndələri keçmişdə baş verən hadisələrin tarixçilər tərəfindən araşdırılmasını dəfələrlə bildirib.ANS PRESS-in məlumatına görə, bunu Ağ evinin rəsmi nümayəndəsi Djoş Ernest keçirdiyi brifinqində deyib.
O, Prezident Barak Obamanın ənənəvi 24 aprel müraciətində "soyqırım" terminini işlətməyəcəyini söyləyib: "ABŞ prezidentlərinin heç biri "soyqırım" terminini işlətməyib. Barak Obama da bu fikirdə deyil. Çünki Osmanlı imperiyasının son illərində belə hadisənin baş verməsi, hətta 1,5 milyon erməninin öldürülməsi və sürgün edilməsi iddiaları ciddi araşdırma tələb edir. Tarix tarixçilər tərəfindən tədqiq olunmalıdır."
D.Ernest bu məsələdə Ağ evin siyasətinə əsaslanaraq vurğulayıb ki, o dövrdə baş verən ölüm halları kədər yaradır. Bu faktın səmimi və ədalətli şəkildə aydınlaşdırılması Türkiyə, Ermənistan və ABŞ-ın ümumi maraqlarına uyğundur. Xalqlar keçmişin ağrılı epizodlarını dərk edərək irəliyə doğru baxmalıdır. Bu, xalqların daha güclü, daha dözümlü olması üçün çox əhəmiyyətlidir.
Ağ ev rəsmisi fikrini belə yekunlaşdırıb: "ABŞ prezidenti tarixdə baş verən hadisə ilə bağlı aprelin sonunda bəyanatla çıxış edəcək. Düşünmürəm ki, bu məsələdə bizim siyasətimiz dəyişəcək və dövlət başçısı "soyqırım" sözünü deməyəcək."