ABŞ-da avtonom pilotsuz uçan aparatlar eskadrilyasının uğurlu sınaqları keçirilib.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) elimi-tədqiqat idarəsi qarşılıqlı fəaliyyət göstərən bir neçə avtonom pilotsuz uçan aparatlardan ibarət hərbi sistemin uğurlu sınaqlarının keçirilməsini bəyan edib.“Low-Cost UAV Swarming Technology” (LOCUST) adlanan perspektivli sistem çərçivəsində avtonom pilotsuz uçan aparatlardan istifadə müəyyən obyektlərin mühafizəsini təmin etməyə və ya düşmən ərazisində hədəfə hücum etməyə imkan verəcək.
Məlumata görə, sistemin bütün sınaqları uğurlu olub. Sınaqlar zamanı aparatların çətin şəraitdə buraxılması üçün nəzərdə tutulan katapulta sisteminin işi yoxlanılıb. Bundan başqa, dronların avtonom uçuş rejimində qarşılıqlı əlaqəsi sınaqdan keçirilib. İdarə nümayəndələrinin sözlərinə görə, 2016-cı ildə “LOCUST” sisteminin dənizdə sınaqları planlaşdırılır.
İdarə mütəxəssisləri qeyd ediblər ki, sınaqdan keçirilən sistem yüksək potensiala malikdir və perspektivdə müxtəlif şəraitlərdə istifadə oluna bilər. Belə aparatlardan istifadə həmçinin xərcləri xeyli azaltmağa imkan verəcək, - “Onliner” yazır.