Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu həmin şəhərdə ermənilərin qondarma “soyqırım”larına abidə qoymaq istəyinə qarşı kampaniya aparırlar.
Həmin şəhərdə fəaliyyət göstərən Araz Milli-Mədəni Cəmiyyətinin rəhbəri Məhəmməd Əsgərov Trend-ə bildirib ki, Blaqoveşenskdə yaşayan ermənilər bir neçə ildir ki, qondarma “soyqırım”larına abidə qoymağa çalışırlar.M.Əsgərov deyib ki, ermənilər qondarma “erməni soyqrımı”nın "100 illiyi"nə qədər abidəni tikmək üçün şəhər rəhbərliyinə müraciət ediblər: “Bu məsələni eşidəndən sonra mən şəhər rəhbərliyinə bildirdim ki, belə bir şey ola bilməz, bu təxribatdır. Onlara bunun qondarma "soyqırım", Türkiyəyə qarşı təxribat olduğunu bildirdim. Həmçinin onların diqqətinə çatdırdım ki, 23 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı soyqırım törədilib. Lazımdırsa, elə gəlin bu soyqırıma abidə qoyaq, niyə 100 il bundan qabaq uydurma “soyqırım”a abidə qoyuruq? Belə deyəndən sonra onlar razılaşdılar, dedilər ki, ermənilərə abidə qoymağa icazə verilməyəcək”.
O bildirib ki, sonradan ermənilər yenə abidə ucaltmağa cəhd ediblər: “Bunu eşidəndən sonra yenə şəhər rəhbərliyinin yanına getdim və məsələyə aydınlıq gətirilməsini istədim. Şəhər rəhbərliyi isə bildirdi ki, ermənilərin tikinti apardığı ərazi Rus Pravoslav kilsəsinin ərazisidir və həmin kilsə şəhər hakimiyyətinə tabe olmadığı üçün tikintiyə müdaxilə etmək imkanları yoxdur. Mən isə bildirdim ki, bu belə olmaz. Mənim şəxsi torpaq sahəm var, onda mən də orada Xocalı soyqırımına abidə ucaldacağam. Şəhər rəhbərliyindən məsələni həll edəcəklərini bildirdilər”.
M.Əsgərov məsələ ilə bağlı Rusiyada müxtəlif instansiyalara, Türkiyənin və Azərbaycanın Moskvadakı səfirliklərinə müraciət etdiyini, o cümlədən Azərbaycanda bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşdüyünü bildirib. O, qeyd edib ki, məsələ ilə bağlı dövlət tərəfindən lazımi tədbirlərin görülməsi istiqamətində işin aparılacağı bildirilib.
Cəmiyyət rəhbərinin sözlərinə görə, əgər Rus Pravoslav kilsəsi bu müraciətlərə məhəl qoymayıb ermənilərin abidə tikməsinə icazə versə, Azərbaycan diaspor nümayəndələri həmin şəhərdə buna etiraz olaraq mitinqlər keçirməyə başlayacaq: “Nəyin bahasına olursa-olsun, ermənilərin bu qondarma “soyqırım”a abidə qoymalarına imkan verməyəcəyik”.