Türk Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın açıqlamasını yalanladı

Türk Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın açıqlamasını yalanladı backend

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.

Qaziler.az-ın Hürriyet-ə istinadən məlumatına görə, Baş Qərargahdan bildirilib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun dedikləri düz deyil: ”Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”.

D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”.

Xatırladaq ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb.