Suriya Türkmən Məclisinin üzvü Abdurrəhman Mustafa, Suriya türkmənlərinin Astanadakı müzakirələrdə ilk dəfə birbaşa təmsil olunduğunu və bunun Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı nəticəsində baş verdiyini deyib.
Avropa.info xəbər verir ki, Astana danışıqlarında Suriya müxaliflərinin nümayəndə heyətinin tərkibində olan Abdurrəhman Mustafa, türkmənlərin bu müzakirələrdə iştirak etməsinin mühüm naliyyət olduğunu bildirib.2016-cı ilin fevralında Cenevrədəki Suriya danışıqlarına da yollanan Mustafa, türkmən nümayəndə heyətinin rəhbəri olaraq Türkiyənin təkidi nəticəsində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan Mistura ilə görüşmüşdü. Lakin, Cenevrə danışıqlarında iştirak edə bilməmişdi.
Mustafa Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatından sonra, türkmənlərin artıq fərqli bir mövqedə olduğunu bildirib.
“Rusiya 6 ildir rejimi dəstəkləyirdi. Silah verir, BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edir və Türkiyə üzərində müxtəlif vasitələrlə təzyiq yaratmağa çalışırdı. İran hərbçiləri ilə Əsədə dəstək birbaşa dəstək verməsinə baxmayaraq, Dəməşq rejimi az qala devrilirdi. Rusiya Suriyaya hərbi müdaxilə edəndən sonra, hər şey dəyişdi. ABŞ arxa planda qaldı, İran Rusiyanın kölgəsinə düşdü.
Belə bir çətin məqamda Türkiyənin Suriyada əməliyyata başlaması , türkmənlər üçün olduğu qədər, digər müxalif qruplar üçün də “dönüş nöqtəsi” oldu.
Türkiyə “Fərat Qalxanı” əməliyyatı ilə PYD-nin defakto Suriyanın şimalını işğal etməsinin qarşısını aldı. Suriyanın şimalının PKK nəzarətinə keçməsi müxaliflər üçün həm maddi-texniki, həm də əsgəri baxımdan mənfi nəticələnə bilərdi. Türkiyə “Fərat Qalxanı” ilə böyük bir oyunu pozdu. Artıq Türkiyə Suriyada tamamilə baş aktyor rolundadır. Astana prosesini başladan da Türkiyənin mövqeyidir” deyə Mustafa qeyd edib.