Ümumdünya Krım Tatar Konqresi dünya ölkələrinə 1944-cü il Krım tatarlarının deportasiyasını soyqırım kimi tanımaları üçün müraciət edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Krım xəbərləri” qəzeti yayıb. Müraciət Avropa, Amerika, Latın Amerikası, Afrika və BMT-də nümayəndələri olmayan ölkələrə də ünvanlanıb.
Qeyd edək ki, Krım tatarlarının deportasiyasını indiyə qədər yalnız Ukrayna soyqırım kimi tanıyıb.
Krım tatarları 18 may 1944-ci ildən etibarən SSRİ rəhbərliyinin əmri ilə Hitler Almaniyası ilə əlaqədə şübhəli bilinərək öz vətənlərindən deportasiya ediliblər. Bu işə 32 min NKVD nümayəndəsi qatılıb. NKVD arxivlərində may ayından noyabra qədər olan köç zamanı 10 min nəfərin öldüyü bildirilib. Krım tatarlarının özləri isə köç zamanı əhalinin 45%-nin aclıq və susuzluqdan öldüyünü bəyan ediblər.
Deportasiya nəticəsində 193 min Krım tatarı öz vətənindən ayrı düşüb. Onlar daha çox Rusiya, Özbəkistan və Qazaxıstanda yerləşdiriliblər.