Avropanın və dünyanın məşhur aviaşirkətlərindən olan "Airbus” konserni bu ilin sonuna qədər avtopilot rejiminə malik uçan avtomobilin sınaqlarını keçirməyi planlaşdırır. İKT.lent.az-ın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə "Airbus Group”un icraçı direktoru Tom Enders Münhendə keçirilən konfransda bildirib.
Ötən il şirkət kiçik ölçülü uçan maşınların layihələndirilməsi ilə məşğul olan xüsusi bölmə (Urban Air Mobility) yaradıb. Proqramın yekun məqsədi bu cür maşınların mobil əlavənin köməyi ilə icarəsi sistemini yaratmaqdır."Yüz ilə əvvəl şəhər nəqliyyatı yerin altına endi, indi isə biz onu havaya qaldırmağa imkan verən texnoloji vasitələrə sahibik”, - deyə T. Enders söyləyib. O qeyd edib ki, hazırda layihə eksperimental mərhələdədir, lakin şirkət bu işə çox ciddi yanaşır və bu tip texnologiyaların ekologiyaya zərər vurmamasının vacibliyini də anlayır.
T. Endersin sözlərinə görə, uçan avtomobillərin yaradılması şəhər infrastrukturuna qoyulan xərcləri azaltmağa imkan verəcək, çünki hava nəqliyyatı yol və körpülər salmağı tələb etmir.