Bişkekdəki “Manas” Beynəlxalq aeroportu yaxınlığında Türkiyənin ACT şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 18-nin cəsədi tanınıb.
Qaziler.az azərtac-a istinadən bildirir ki, digər cəsədlərin tanınması istiqamətində iş davam etdirilir.Bu haqda Qırğızıstan Baş nazirinin birinci müavini Muxammedkalıy Abulqaziyev hadisə yerində keçirilən brifinqdə jurnalistlərə məlumat verib.
Bildirilib ki, həlak olanların doqquzu kişi, doqquzu qadın, qalanları isə 3-yaşından 15 yaşadək uşaqlardır. Qəsəbədə olan 43 evin 17-si tam, 6-sı qismən dağılıb. Hazırda xəstəxanada 12 nəfər müalicə edilir, onlardan yeddisi uşaqdır.
Qeyd edilib ki, Qırğızıstan Hökuməti həlak olanların və yaralananların ailələrinə kompensasiya verəcək, həlak olanların dəfni dövlət hesabına olacaq.
Yük haqqında məlumat verən M.Abulqaziyev deyib ki, təyyarədə 85 ton elektronika və xalq istehlakı malları olub.
Xatırladırıq ki, yanvarın 17-si Qırğızıstanda matəm günü elan edilib.