Baş nazir Yıldırım Bağdada gedir, gündəmdə 5 ildir yığılıb qalan ciddi problemlər var, Ankara regional siyasətini yenidən dizayn edir
Qaziler.az Musavat.com-a istinadən bildirir ki, uzun müddətdir davam edən gərginlikdən sonra, nəhayət, Türkiyənin baş naziri Binali Yıldırım İraqa rəsmi səfər edəcək. Türkiyə və İraq əlaqələri son iki ildə xeyli pisləşib və hətta müharibə təhdidlərinə qədə irəliləyib. Baş nazirin Bağdada bu səfəri yaranmış vəziyyəti dəyişmək, iki ölkə arasında soyuq münasibətləri düzəltmək məqsədi güdür.Qeyd edək ki, İraq və Türkiyə arasında münasibətlər işğaldan sonra xeyli inkişaf edib. Türkiyə və İraq hökumətləri arasında İraqın yenidən bərpa olunması ilə bağlı 50-dək anlaşma imzalanıb. Türk şirkətləri İraqda geniş miqyasda fəaliyyət göstərib. Ancaq iki ölkə münasibətləri “ərəb baharı” dalğasında pisləşib.
İraqın vitse-prezidenti Tariq Haşimi terrorçuları himayə ittihamı ilə barəsində həbs qərarı çıxdıqdan sonra Türkiyəyə qaçıb. Ankara isə İraq hökumətini məzhəbçi siyasət yürütməkdə ittiham edib.
Xatırladaq ki, işğaldan sonra qurulan parlament respublikasında prezident kürd əsilli siyasətçilərdən seçilir, məclis sədri sünni, baş nazir isə şiə partiya liderlərindən seçilir.
Ancaq iki hökumət münasibətləri yumşaltmaq cəhdi göstərsələr də, 2014-cü ildə Mosulun İŞİD tərəfindən işğalı münasibətləri yenidən korlayıb. Bu dəfə Mosul valisi şəhəri İŞİ-ə təhvil verilməkdə ittiham olunub və Türkiyəyə sığınıb. Qarşılıqlı ittihamlar artsa da, baş nazir Malikinin istefa verməsi və Heydər İbadinin posta gətirilməsi müəyyən yumşalmaya səbəb olsa da, ötən il İraq ərazisində Başika qəsəbəsindəki Türkiyə hərbi təlim düşərgəsinin varlığı mövzusu münasibətlərə mənfi təsir edib. Daha sona isə Ankara Bağdad hökumətini İranın təsiri altında olmaqda, şiə könüllü silahlıları sünnilərə qarşı qətliam törətməkdə ittiham edib.
Binali Yıldırımın İraq səfəri Türkiyənin bölgə siyasətini yenidən dizayn etməsi çərçivəsində həyata keçirilir. Gündəmdə isə Başika, Mosul əməliyyatı, İraqdakı PKK düşərgələri və sair kimi mövzular var.
Yeri gəlmişkən, bir neçə ildir qarşılıqlı tənqidi çıxışlardan sonra nəhayət ötən ilin 30 dekabrında prezident Ərdoğanla İraq baş naziri İbadi arasında telefon danışığı həyata keçirilib. Hər iki lider münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər. Güman ki, Yıldırımın səfəri də məhz bu zaman razılaşdırılıb.
Bağdad hökuməti son illərdə Türkiyənin regional siyasətinə tənqidi yanaşır. Xüsusən də Ankaranın şimali İraqda kürdlərə dəstək verməsi, məzhəb amilini qabartması, vaxtaşırı Bağdadı məzhəbçilikdə ittiham etməsi İraq hakimiyyətini narazı salıb.
Ancaq indi görünən odur ki, Türkiyə regional siyasətini yenidən dizayn edir. Daha öncə mövcud olmuş bütün qonşularla dostluq əlaqələrinin yenidən bərpa olunması və ya ən azı gərginliyi aradan qaldırmağa çalışır. Aydındır ki, İraq üçün də bu proses müsbət qarşılanır. İraq hazırda İŞİD-ə qarşı ağır müharibə aparır, ölkənin az qala yarısı işğal altındadır. Üstəlik xarici qüvvələrin təsiri ölkədə etnik və dini birliyə ciddi təhdid təşkil edir. Bağdad Türkiyə kimi önəmli qonşu ilə əlaqələri sağlamlaşdırmaqda maraqlıdır. Üstəlik Ankara son illərdə Ərbildəki kürd administrasiyasını, xüsusən də Bərzani qrupunu dəstəkləyir. İŞİD-dən sonra İraqın şimalında qüvvələr nisbəti, kürd muxtariyyətinin gələcək taleyi mövzusu hələ də açıq qalır və yəqin ki, irəlidə ciddi mübahisələrə səbəb olacaq. Bu mənada Türkiyənin İraqla anlaşması bölgənin gələcək taleyinin müəyyən olunması istiqamətində ciddi hadisə sayıla bilər. Təbii ki. hər şey bundan sonrakı vəziyyətdən asılı olacaq.