Çəkisizlik vəziyyətinin insan orqanizminə təsiri öyrəniləcək, ancaq sınaqlarda iştirak üçün “NASA” tərəfindən irəli sürülən yeganə tələb möhkəm cansağlığı və ABŞ vətəndaşlığının olmasıdır.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, ABŞ Kosmik Agentliyi (NASA) eksperimental tibbi sınaqlardan keçməyə və 70 sutka xəstəxana çarpayısında hərəkətsiz uzanmağa razı olan könüllülərin hər birinə 18 min dollar ödəyəcək. Tədqiqatın məqsədi çəkisizlik vəziyyətinin insan orqanizminə təsirinin öyrənilməsidir. Sınaqlarda iştirak üçün “NASA” tərəfindən irəli sürülən yeganə tələb möhkəm cansağlığı və ABŞ vətəndaşlığının olmasıdır.Tədqiqat üç mərhələdən ibarət olacaq. İki-üç həftə davam edəcək birinci mərhələ hazırlıq məqsədi daşıyacaq. İştirakçılar bu vaxtı xəstəxanada yataq rejiminə yaxın şəraitdə (onlar istədikdə ayrılan yerdə hərəkət edə və normal həyatda olduqları kimi yaşaya biləcəklər) keçirəcəklər.
Növbəti mərhələ “NASA”-nın Hyustondakı elmi-tədqiqat bölməsində baş tutacaq və könüllülərin sağlamlığı üçün ciddi sınaq olacaq. Belə ki, 10 həftə ərzində onlar üfüqi vəziyyətdə hərəkətsiz uzanacaqlar. Bu halda baş bir qədər aşağı salınmış, ayaqlar, əksinə, yuxarı qaldırılmış vəziyyətdə olacaq. Həkimlərin sözlərinə görə, uzun müddət statik vəziyyətdə olan könüllülər oynaqlarda sızıldayan ağrı hiss edə biləcəklər. Onlar üçün yeganə təsəlli kitab oxumaq və televizora baxmaq imkanı olacaq, çünki bu məşğuliyyətlər üçün çoxlu enerji sərf olunmur.
Alimlər bununla insan orqanizminin kənar yükləmələrin olmaması şəraitində hərəkətini, ürək-damar fəaliyyətinin sürətinin aşağı düşməsi və əzələ və sümüklərə kənar təsirin kəskin azalması haqqında maksimum məlumat əldə etməyə ümid edirlər.
Sınağın bərpaedici üçüncü mərhələsi bütünlüklə ikinci sınaqla ziddiyyət təşkil edəcək. İştirakçılar iki həftə davam edəcək fiziki tapşırıqları, o cümlədən gimnastik hərəkətlər, piyada və velosiped səyahətlərini yerinə yetirməli olacaqlar, - “TASS” yazır.