Almaniya mətbuatı Berlin yarmarkasında törədilən terror aktı ilə əlaqədar ölkənin hüquq mühafizə orqanlarının səhvlərindən və xətalarından yazır.
Qeyd olunur ki, polis Anis Amrini çoxdan müşahidə etsə də, onun qorxunc planlarını gözdən qaçırıb.“Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, Birləşmiş Antiterror Mərkəzinin 2016–cı il iyulun 19-29-da keçirilmiş müşavirəsində Berlin şəhərinin cinayət işləri üzrə idarəsinin nümayəndəsi A.Amrini Almaniyada yaşamaq haqqında qanunun 58-ci maddəsi əsasında sadələşdirilmiş qaydada ölkədən deportasiya olunmasını təklif edib.
Bu maddə konkret əcnəbi şəxsin ölkənin təhlükəsizliyi üçün xüsusi təhlükə törətməsi barədə əsaslandırılmış proqnoz olanda onun Almaniyadan dərhal deportasiya edilməsinə imkan verir. Lakin müşavirə iştirakçıları bu nəticəyə gəliblər ki, mövcud informasiya və Amridən gələn təhlükə dərəcəsi həmin qərarın məhkəmədə müdafiəsi üçün yetərli deyildir.