İtaliyanlar Qarabağdan danışdı

İtaliyanlar Qarabağdan danışdı backend

Qaziler.az AZERTAC-a istinadən xəbər verir ki, İtaliyanın Trento şəhərində Şərqi Avropa Tarixi Araşdırmalar Mərkəzinin və bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi” mövzusunda konfrans keçirilib.

Azərbaycan Tədqiqatları Mərkəzinin nümayəndəsi Davide Zaffinin moderatorluğu ilə keçirilmiş tədbirə İtaliyanın elmi-ictimai dairələrinin nümayəndələri, tarixçilər və ekspertlər qatılıb.

D.Zaffi konfransın əsas mövzusu, müzakirə olunacaq məsələlərlə bağlı məlumat verdikdən sonra Azərbaycan Tədqiqatları Mərkəzinin 1988-ci ildən bugünədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif faktları əks etdirən rəqəmsal arxivinin təqdimatı olub.

Mərkəzin rəhbəri Fernando Orlandi münaqişənin tarixi, səbəbləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1987-ci ildən sonra tərəflər arasında artan gərginlik Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı ilə nəticələnib. Problemin həlli yollarından danışan mərkəzin sədri vurğulayıb ki, Azərbaycan tərəfdaş hesab etdiyi Qərb ölkələrindən onun haqlı mövqeyinin dəstəklənməsini gözləyir.

Tədqiqatçı ekspert Roberto Toniatti çıxış edərək münaqişənin həlli modellərini təhlil edib. O, Dağlıq Qarabağ regionuna Azərbaycanın hüdudları daxilində muxtariyyət statusunun verilməsi ilə bağlı fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, münaqişənin nizamlanması tarixi təcrübələrdən, o cümlədən İtaliyanın Trentino-Alto Adice regionunun muxtariyyət statusu təcrübəsindən yararlanmaq və sülh yolunu üstün tutmaqla mümkün ola bilər.

Tədbirdə çıxış edən İtaliya Xarici İşlər Nazirliyinin sabiq alt katibi, 1992-ci ildə ATƏM-in Minsk konfransının sədri olmuş Mario Raffaelli Dağlıq Qarabağ münaqişəsinin gedişatını 20 ildən artıq müşahidə etdiyini vurğulayıb. Problemin nizamlanması istiqamətində Minsk konfransındakı fəaliyyətindən danışan M.Raffaelli münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesini təhlil edib.

Azərbaycanın İtaliyadakı hərbi attaşesi, polkovnik Ənvər İbrahimov çıxış edərək müharibə illərində cəbhə xəttində yaşadığı həyəcanı, üzləşdiyi çətinlikləri tədbir iştirakçıları ilə bölüşüb.

Ə.İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, müstəqillik dövründə hərbi sahədə əldə olunan uğurlardan danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan hərbçiləri NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlarda fəal iştirak edirlər.
Diaspora