“1-ci Kanal” bildirir ki, Qara dənizdə qəzaya uğrayan Tu-154 təyyarəsində kanalın çəkiliş qrupu-müxbir Runkov, operator Denisov və səs operatoru Soydov olublar. “Zvezda” telekanalı isə təyyarədə üç nəfərlik çəkiliş qrupunun olduğunu təsdiqləyib, ancaq əlavə məlumat verməyib.
KİV-lər xəbər verir ki, təyyarədə Doktor Liza kimi tanınan məşhur həkim Yelizaveta Qlinka da var. Lakin Qlinkanın nümayəndəsi bu haqda məlumata malik olmadığını bildirir.* * *
Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin bildirdiyinə görə, Qara dənizdə sahildən 1.5 kilometr aralıda təyyarənin şassisinin dayağı tapılıb. Bu detal dənizin 50-70 metr dərinliyindədir. Sahildən 5.5 km məsafədə isə yağ ləkələri aşkar olunub. Bu əlamətlər təyyarənin əvvəl təxmin edildiyi kimi Krasnodar vilayətinin dağlıq ərazisində deyil, dənizə düşdüyünü göstərir.
Virtualaz.org qeyd edir ki, Tu-154 təyyarəsinin qəzaya uğramasını Rusiyanın Suriya əməliyyatlarında daha bir ciddi itkisi hesab etmək olar.Ötən il İŞİD Rusiyadan qisas almaq üçün Misirin Şarm əl-Şeyx şəhərindən Moskvaya uçan sərnişin təyyarəsini partlatmışdı. Bu dəfə isə belə görünür ki, Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi ya texniki nasazlıq, ya pilot səhvi üzündən qəzaya uğrayaraq Suriyaya görə itkilərin artmasına səbəb olub. Tu-154 təyyarəsi dünyada ən çox qəzaya uğrayan və ən təhlükəli sərnişin təyyarəsi hesab olunur. Bu təyyarələrin istismarı bir çox ölkələrdə qadağan olunub.
* * *
Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə aid Tu-154 təyyarəsinin qəzaya uğradığı rayona Mi-8 vertolyotu göndərilib. Soçidə Ka-32, Gelencikdə isə daha bir Mi-8 vertolyotu hazır vəziyyətə gətirilib.
Qara dənizdə isə təyyarənin axtarışlarına 7 gəmi cəlb olunub. Təyyarənin yerli vaxtla saat 05.30-da havaya qalxdığı və 20 dəqiqə sonra radarlardan itdiyi bildirilir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu axtarış-xilasetmə əməliyyatlarını videokonfrans vasitəsilə silahlı qüvvələrin rəhbərliyi ilə koordinasiya edir. Təyyarənin axtarışlarına Cənub hərbi dairəsinin bütün xilasedici dəstələri cəlb olunub.
Göyərtədə cəmi 91 nəfərin, o cümlədən səkkiz ekipaj üzvünün olduğu bildirilir. Təyyarənin sərnişinləri arasında cəmi 9 jurnalist, habelə Aleksandr adına mahnı və rəqs ansamblının musuqiçiləri də olub. Onlar Rusiyanın Suriyadakı Hmeymim aviabazasında dislokasiya olunmuş hərbçiləri Yeni il münasibətilə təbrik etmək üçün gedirmiş. İlkin məlumata görə təyyarənin qəzaya uğramasına texniki nasazlıq və ya pilot səhvi səbəb ola bilərdi. Son məlumata görə təyyarənin qalıqları Qara dənizdə aşkar edilib.
* * *
Rusiya KİV-ləri xəbər verir ki, Müdafiə Nazirliyinə məxsus olan və Soçi yaxınlığında qəzaya uğrayan Tu-154 təyyarəsinin sərnişinləri arasında jurnalistlər də var.
Məlumata görə “Birinci kanal”ın və Müdafiə Nazirliyinin “Zvezda” telekanlının reportyorları təyyarənin göyərtəsində olub. Onların Suriyanın Hələb şəhərindən reportaj hazırlamaq eçen ezam edildiyi bildirilir. Təyyarədə Rusiya KİV-lərinin cəmi 9 jurnalisti olub.
Müdafiə Nazirliyindəki mənbə bildirib ki, təyyarə Soçi aerportundan havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib, onun Krasnodar yaxınlığında dağlarda qəzaya uğradığı bildirilir. Hadisə yerinə xilasedicilər göndərilib. Qəza barədə prezident Vladimir Putinə təcili məruzə olunub
* * *
Rusiyanın göyərtəsində 91 nəfərin olduğu (83 sərnişin və 8 heyət üzvü) hərbi təyyarəsi Krasnodarda qəzaya uğrayıb.
Bu barədə RİA Novosti güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, əvvəlki məlumatlrda təyyarənin Soçidə radarlardan itdiyi bildirilirdi.
İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə doğru uçurmuş.