Keçmiş müdafiə nazir Seyran Ohanyanın siyasətə qoşulmasını və seçkiyə hazırlaşdığını bəyan etməsində Rusiya izi Ermənistanın 4 ay öncə vəzifəsindən azad edilən sabiq müdafiə naziri Seyran Ohanyan siyasi fəaliyyətə başlayacağını bəyan edib.
Novator.az-ın məlumatına görə, Seyran Ohanyan dekabrın 20-də yenicə yaratdığı “Facebook” səhifəsində belə bir bəyanat yayıb: “Dövlətin və ordunun qurucularından olaraq, son 17 ildə Dağlıq Qarabağın və Ermənistanın müdafiə qurumlarına rəhbərlik etmiş şəxs kimi ölkədəki hərbi-siyasi durumu kənardan seyr edə bilmərəm. Mən nazir postundan sakitcə aralandım və yeni vəzifələr təklifindən imtina etdim. Çünki bilik və bacarığımı, təcrübəmi ölkənin daxili siyasi həyatında dəyişikliklərə yönəltmək qərarına gəlmişəm. Siyasi proseslərdə, xüsusilə seçki proseslərində fəal iştirak etmək niyyətindəyəm”.Sabiq nazir bəzi siyasi qüvvələrlə, ictimai qurumlarla, ziyalılarla məsləhətləşmələr apardığını vurğulayıb. O deyib ki, 2017-ci ilin yazında keçiriləcək parlament seçkisində iştirak üçün tərəfdaşlar qrupu üzərində çalışır.
Bəs, Seyran Ohanyan kimi fiqurun-hərbi caninin siyasətə qoşulması Ermənistana nə vəd edir? Ohanyanın siyasətə qoşulmasının arxasında Rusiyanın xeyir-duası varmı?
Politoloq Qabil Hüseynli bildirdi ki, Seyran Ohanyanın siyasətə gəlişi qarşıdakı dönəmdə-parlament seçkiləri öncəsi Ermənistanda siyasi həyatın qarışacağını şəksiz edir. Ohanyanı Rusiyadakı müəyyən dairələr, əsasən də Qarabağ əsilli erməni iş adamları müdafiə edir və hakimiyyətdə görmək istəyir.
Ohanyan isə nüfuzdan düşmüş Serj Sərkisyandan vəzifədən götürülməsinin heyfini çıxmaq niyyətindədir: “Azərbaycan ordusunun 2-5 apreldəki savaşda erməni ordusu üzərində qələbəsinin əsas günahkarı kimi Seyran Ohanyanı qələmə verməyə başladılar. Bu, həm də prezident Serj Sərkisyanın özünün taktikası idi. Sərkisyan aprel uğursuzluğu ilə bağlı cəmiyyət qarşısında məsuliyyət daşımamaq üçün əlində olan təbliğat ruporları vasitəsilə ordu quruculuğunda yola verilmiş səhvləri, döyüş əməliyyatları zamanı ordunun rüsvaycasına mövqeləri qoyub qaçmasının bütün günahlarını Seyran Ohanyanın üzərinə yıxdı. Əlbəttə, burada həqiqət payı var. Çünki müdafiə naziri kimi o, həmin döyüşlərə görə ciddi məsuliyyət daşıyırdı.
Amma bu, bütün Ermənistan cəmiyyətinin günahı idi. Çünki Serj Sərkisyan elə bir rejim qurub ki, o rejimdə iqtisadi və siyasi həyatın bütün sahələrinə hökmranlıq edən Qarabağdan çıxmış, yerli ermənilərin dili ilə desək, gəlmələrdir. Bu gəlmələr yerli ermənistanlıların bütün sahələrdəki fəaliyyətini minimuma endiriblər. Bu isə cəmiyyətdə ciddi etirazların əsas səbəblərindən biridir. Həm də Qarabağ klanı belə hesab edir ki, cəmiyyətdə bu klanın nüfuzdan düşməsinin əsas səbəbkarı Serj Sərkisyandır və onu əvəzləyəcək bir şəxs guya bu klanın imicini təzələyə bilər, onu xalqın gözündə yenidən nüfuza mindirə bilər. Hətta bu fikri ilk dəfə keçmiş prezident Robert Köçəryan irəli sürmüşdü və Köçəryan bu niyyətdə idi. Amma Köçəryanın vaxtilə hakimiyyətdə olması, əvvəl Moskva tərəfindən müdafiə edilib sonra müdafiənin geriyə çəkilməsi onu siyasi həyatda gücsüz etdi və nəticədə yarışa qoşulmaqdan imtina elədi. İndi Seyran Ohanyan Rusiyanın gözündə favorit sayılan və eyni zamanda Rusiyadakı erməni iş dairələri tərəfindən ciddi müdafiə edilən şəxslərdən biridir. O, siyasətə qoşulmaqla belə ümid edir ki, ətrafına böyük elektorat toplaya biləcək və Sərkisyanı ya mitinqlər yolu ilə, ya da seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdırıb yerinə özü gələcək. Hətta bir dəfə onun həyat yoldaşı Ruzanna Ermənistan jurnallarının birinə müsahibəsində demişdi ki, həyat yoldaşı Seyran daha böyük hədəflərə layiqdir”.
Politoloq qeyd etdi ki, Ohanyanın ölkənin birinci postuna göz dikməsi nazir olduğu vaxtda hiss edilməkdəydi və bu durum Serj Sərkisyanla münasibətlərin gərginləşməsinə təsir edirdi. İndi Seyran Ohanyan niyyətlərini gizlətmir, siyasətə qoşulduğunu bəyan edir: “Onun yaradacağı siyasi təşkilat və ya hərəkat rusiyayönümlü olacaq. Ohanyan da Rusiyaya sədaqətini sübut etmiş, Rusiya tərəfindən qəbul edilən simalardan biridir. Rusiyadakı müəyyən dairələr Ermənistanda hakimiyyət dəyişikliyinə gedilərkən yenidən Qarabağ mənşəli, Qarabağ müharibəsinin iştirakçısı olan əli qanlı erməninin hakimiyyətə gəlməsini daha çox arzulayır. Bu meyarlara isə Seyran Ohanyan cavab verir. Rusiyanın qənaətincə, Qarabağ mənşəli erməni daha çox millətçilik duyğularına malik olanlardır və bu səbəbdən də Ermənistanda hakimiyyəti başqalarına nisbətdə daha uğurla və Rusiyanın istəklərinə uyğun idarə edə bilər, sülh danışıqları prosesində daha kompromissiz mövqe nümayiş etdirə bilər. Beləliklə də Qarabağ problemi həll olunmamış vəziyyətdə qalar”.
Politoloqun fikrincə, hər halda Ohanyan bir müddət sonra siyasi həyatı qarışdıra biləcək hərəkətlərə başlayacaq. Sərkisyanın açıq tənqidinə keçəcək, mitinqlər təşkil edəcək, ətrafına KİV-i, keçmiş döyüşçüləri cəlb eləməyə çalışacaq: “Seyran Ohanyanın siyasi təşkilatının böyük maliyyə vəsaiti olacaq. İndidən söyləmək çətindir ki, yüz faiz uğur qazanacaq, bunu bu gün dəqiq söyləmək çətindir. Yerli ermənilərin qarabağlı Seyran Ohanyanaın siyasətə qoşulmasına münasibətindən çox şey asılı olacaq. Amma bir faktı xüsusi vurğulamaq olar ki, Ermənistan siyasi həyatı seçkilər öncəsi yenidən qarışacaq və siyasi qarşıdurmalar meydanına çevriləcək”.