ABŞ prezidentinin ailəsinin 2014-cü il gəlirləri açıqlanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Barak Obama ötən il 400 min dollar vəzifə maaşı alıb. Prezident ailəsinin digər gəlir mənbəyi Barak Obamanın 1995 və 2006-cı illərdə yazdığı iki kitabın satışından əldə olunub.Əvvəlki illərlə müqayisədə ailənin gəlirlərinin azaldığı bildirilir. Barak Obama və həyat yoldaşı Mişel Obamanın gəlirləri 2014-cü ildə 477 min 383 dollar olub. Bu vəsaitin 93 min 362 dollarını onlar gəlir vergisi kimi dövlətə ödəyiblər.
Prezident ailəsi ötən il 33 yardım fonduna ümumilikdə 70 min 712 ianə verib.
Müqayisə üçün xatırladaq ki, ABŞ prezidentinin ailəsi 2012-ci ildə 662 min dollar, 2013-cü ildə isə 503 min dollar gəlir əldə edib. Barak Obama ən böyük qazancını prezident seçildiyi 2009-cu ildə götürüb. O, həmin il kitablarının satışından və Nobel Sülh Mükafatından təxminən 5,5 milyon dollar qazanmışdı.