Medvedev və Yıldırım birgə layihələrə dair qərar verdilər

Medvedev və Yıldırım birgə layihələrə dair qərar verdilər backend

Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla telefon danışığı zamanı “Akkuyu” AES-i və “Türk axını” qaz borusu layihələri daxil olmaqla, energetika sahəsindəki layihələr üzrə işləri sürətləndirməyi qərara alıblar. Tərəflər, həmçinin, malların iki ölkənin bazarlarına daxil olmasını asanlaşdırmaq üçün tədbirlər görəcəklərini bir daha təsdiqləyiblər.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Tərəflər dekabrın 6-da Moskvada ikitərəfli əməkdaşlığın inkişafına dair keçirilmiş danışıqlarda əldə olunan razılaşmaların icrasını müzakirə ediblər.

Məlumata görə, danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.

Söhbət zamanı Medvedev Yıldırıma İstanbuldakı terror aktları ilə əlaqədar başsağlığı edib. Hökumət başçıları terror təhdidləri ilə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Danışıqlar zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.