Kuba dövlət telekommunikasiya şirkəti “Etecsa” ABŞ-ın “Google” (“Alphabet”) şirkəti ilə müqavilə imzalayıb. İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, paytaxt Havanada imzalanan sənədə əsasən “Google” Kuba ərazisində özünün “Gmail” və “YouTube” xidmətlərinin sürətini artırmaq üçün tədbirlər həyata keçirəcək.
“Google”dan bildirilib ki, anlaşma “YouTube” videoları kimi populyar kontentlərin əlçatanlığını artırmaq üçün “Etecsa”nın şirkətin texnologiyalarından istifadə etməsinə imkan verir.
Qeyd edək ki, dünyanın ən zəif internet infrastrukturlarından birinə sahib olan Kubada insanların öz evlərindən internetə girişinə icazə verilmir. İnternet bağlantısı üçün ayrılan xüsusi yerlərdə isə 1 saat üçün 2 dollar ödəmək tələb olunur.
ABŞ prezidenti Barak Obama Kubaya son səfəri zamanı internet şəbəkəsinin təhsil, səhiyyə kimi vacib sahələr üçün önəminə diqqət çəkərək “Google”un Kubanı internetlə təmin edəcəyini açıqlayıb.



