Avropa Komissiyası “Facebook”, “Twitter”, “YouTube”, “Microsoft” və ABŞ-ın digər texnoloji şirkətlərini “düşmənçilik dili”nə qarşı tədbir görməyə səsləyib. İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, əks halda, komissiya müvafiq qanunların tələblərinin bu şirkətlərə qarşı tətbiq ediləcəyini açıqlayıb.
İlyarım əvvəl şirkətlər könüllü davranış kodeksi qəbul ediblər, buna əsasən onlar Avropada qeyd olunan problem üzrə 24 saat ərzində tədbir görməyi öhdələrinə götürüblər. Belə ki, şirkətlər ehtiyac yaranarsa, hər hansı kontenti silməyə və ya onu blok etməyə, eləcə də vətəndaş cəmiyyəti ilə yaxın əməkdaşlıq etməyə razılaşıblar. Lakin bəlli olub ki, kodeksə əməl olunması vəziyyəti qənaətbəxş deyil.Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Vera Yurova bildirib ki, “Facebook”, “YouTube”, “Twitter” və “Microsoft” problemi aradan qaldırmaq üçün operativ hərəkət etməli və ciddi səylər göstərməlidir.