PKK terror təşkilatının liderlərindən biri olan Cəmil Bayık Almaniyada yaxın keçmişdə həyata keçirdikləri aksiyalarla əlaqədar bu dövlətdən üzr istəyib.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, C. Bayık Almaniyanın WDR və NDR telekanallarına müsahibəsində PKK-nın son illərdə ciddi dəyişiklik mərhələsinə qədəm qoyduğunu deyib. O, Almaniyada 1990-cı illərdə avtomagistrallarda hərəkətin dayandırılması, nümayişçilərin özünü yandırması kimi aksiyaların bir daha təkrarlanmayacağını bəyan edib: “PKK adından alman xalqından üzr istəyirəm. Bir daha belə şeylər olmayacaq”.C. Bayık Türkiyə qarşı savaşmaq istəmədiklərini də açıqlayıb. O, müstəqil Kürdüstan məqsədindən vaz keçdiklərini və problemin siyasi yolla həllini istədiklərini vurğulayıb: “Artıq savaşa yetər deyirik. Biz də, türk dövləti də savaşla öz məqsədinə çata bilmədi”.
C. Bayık hazırda PKK-nın prioritetinin “İŞİD”ə qarşı mübarizə olduğunu söyləyib.
Qeyd edək ki, Avropa İttifaqının terrorçu təşkilatlar siyahısında olan PKK-ya qarşı Almaniyada 4500 cinayət işi açılıb.