“Ruhani Bakıda dediklərini İrəvanda təkrarlamalıdır” - Politoloq

“Ruhani Bakıda dediklərini İrəvanda təkrarlamalıdır” - Politoloq backend

"İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq”. Bunu BakiPost.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu İran prezidentinin Ermənistana edəcəyi səfəri şərh edərkən deyib. Onun sözlərinə görə, İran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə nəzər salmalıdır: "Bu həftə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri planlaşdırılır. Ermənistan saytlarını izlədikdə bu nəticəyə gəlirəm ki, İrəvan əlindən gələn hər şeyi edəcək ki, səfər uğurlu keçsin, müxtəlif sazişlər imzalansın.

İran prezidenti iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb. Tehranda anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Mən dəfələrlə iranlı diplomatlara demişəm ki, Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir. Onların ənənəvi cavabı var: "Siz də İsraillə sıx əməkdaşlıq edirsiniz”. Bu fikri ortaya qoyduğum arqumentlərlə heç zaman qəbul etmədim”.

E.Şahinoğlu qeyd edib ki, İran prezidentinin Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda dediyi fikirləri İrəvanda təkrarlaması lazımdır: "Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi? Bu suala iranlı diplomatlar konkret cavab vermirlər. Deyirlər ki, İran bütün qonşularla, o cümlədən Ermənistanla normal münasibətlərə malik olmaq istəyir. Demək, İsrail bəhanədir. Ancaq iranlı diplomatlar hər dəfəsində bunu da deyirlər: "Azərbaycanın yeri bizim üçün başqadır, Terhan Azərbaycan və Ermənistanla müqayisədə sizə üstünlük verir”. Bunun belə olub-olmadığına inanmamız üçün İran prezidentinin Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda dediyi fikirləri İrəvanda təkrarlaması lazımdır”.