Avropanın tanınmış “Parlament maqazin” (“The Parliament magazine”) jurnalının internet səhifəsində (theparliamentmagazine.eu) “Avropa İttifaqı nüvə ilə bağlı təhlükəni görməzliyə vurur” adlı məqalə dərc olunub.
Axar.az xəbər verir ki, məqalədə Avropa Birliyinin bir çox üzvlərinin nüvə enerjisindən imtina etmək niyyətində olduğu bir vaxtda Ermənistanda hələ də köhnəlmiş atom stansiyasının fəaliyyət göstərdiyi, Belarusda isə yeni stansiyanın tikintisinə start verildiyi vurğulanıb.
“Ermənistanda mövcud olan Metsamor Atom Elektrik Stansiyası ötən əsrin 70-ci illərdə köhnəlmiş Sovet texnologiyası əsasında tikilməsindən başqa həm də seysmik zonada yerləşir. Stansiyada soyutma mexanizmləri aşağı səviyyədə olduğu üçün burada baş verə biləcək hər hansı insident radiasiyanın ətrafa yayılmasına gətirib çıxaracaq. Bir müddət öncə isə Ermənistan rəsmiləri “nüvə silahına” malik olması ilə bağlı açıqlamalar verdilər. Mövcud problemi ağırlaşdıran digər bir faktor isə radioaktiv materialların qaçaqmalçılığı ilə bağlı faktların aşkarlanmasıdır”.
Yazıda bildirilir ki, Avropa Birliyi “Metsamor”u “ən köhnə və ən az güvəniləcək” stansiya kimi xarakterizə edərək stansiyanın bağlanmasına çağırış edib. Bu əməliyyatın həyata keçirilməsi üçün AB Ermənistan 200 milyon avro ödəməyə də hazır idi. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Barat Albayrak da Beynəlxalq Atom Aqentliyinin Türkiyədə baş tutan 60-cı toplantısında Metsamor AES-nin bağlanmasına çağırış etmişdi.
Bütün bu çağırışlara baxmayaraq, Ermənistan Metsamor AES-in istismarına davam edir. Stansiyanın istismar müddətinin 2010-cu ildə bitməsinə baxmayaraq, Ermənistan ötən il “Metsamor”un 2026-cı ilə qədər işləyəcəyini elan etdi.
Məqalədə qeyd olunur ki, AB gözlənilən təhlükəni görməzliyə vurmamalı, Slovakiya və Bolqarıstandakı AES-lərin bağlanmasına nail olduğu kimi, Ermənistandakı stansiyaya qarşı da zəruri əməli addımlar atmalıdır.