Oxot dənizində axtarış əməliyyatlarının aktiv fazası dayandırılıb. Bundan sonra qəzaya uğrayaraq batan “Dalniy Vostok” traulerinin itkin düşmüş ekipaj üzvlərini bu rayondan keçən gəmilər axtaracaq.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin Kamçatka dəniz xilasetmə koordinasiyası üzrə altstrukturunun qərarına əsasən, aprelin 9-dan etibarən axtarış əməliyyatları passiv fazaya keçib və ərazidən keçən gəmilər vasitəsi ilə həyata keçiriləcək.Buna baxmayaraq, hava şəraiti imkan verərsə, bu gün itkin düşənlərin axtarışı üçün havaya Rusiya Fövqəladə Hallar Nazirliyinin Mİ-8 helikopteri qalxacaq. Hazırda qəzaya uğrayan traulerin sahibi “Magellan” kompaniyasının daha bir gəmisi “Mleçnıy put” hadisə yerində aktiv axtarış aparır.
Qeyd edək ki, “Dalniy Vostok” trauleri aprelin 2-nə keçən gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 330 kilometr qərbdə və Maqadandan 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. Son məlumata görə, onlardan 63 nəfər xilas edilib, 56 nəfər həyatını itirib, 13 nəfərin taleyi isə hələ də məlum deyil.