Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyada mühacirətdə olan sabiq prezident Viktor Yanukoviçə qarşı yeni cinayət işi başlayıb.
Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ədliyyə Nazirliyi yanında lyustrasiya haqqında qanunun hazırlanması üzrə işçi qrupun rəhbəri Karl Volox bildirib.“Bu gün axşam (aprelin 8-də – red.) UTX-də keçmiş prezident Yanukoviçlə, Konstitusiya Məhkəməsinin hakimləri və bir sıra yüksək vəzifəli şəxslərlə bağlı yeni cinayət işi qeydiyyata alınıb. Yaxın günlərdə “toxunulmaz” şəxslərə qarşı şübhələr elan olunacaq”.
K.Voloxun sözlərinə görə, onlar ölkədə hakimiyyəti ələ keçirmək üçün konstitusiya quruluşunu dəyişməyə çalışıblar.
Ədliyyə Nazirliyi nümayəndəsi yeni cinayət işini “tamamilə taleyüklü” adlandırıb. O qeyd edib ki, bu işlə bağlı “yaşıl işığı” Ukraynanın baş prokuroru Viktor Şokin “yandırıb”.