ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) yaxın 10-20 ildə digər planetlərdə həyatın mövcudluğuna dair sübut əldə edəcək.
Trend-in “Space.com”a istinadən verdiyi məlumata görə, bunu NASA-nın baş elmi müşaviri Ellen Stofan bildirib. E.Stofan qeyri-dünya həyatının mövcudluğuna dair ekspert müzakirəsində qeyd edib: “Düşünürəm ki, yaxın onillik ərzində Yer planetindən kənarda həyatın mövcudluğuna dair inandırıcı əlamət əldə edə biləcəyik. 20-30 ilə isə həmin həyata dair daha dəqiq sübutlarımız olacaq”.Keçmiş astronavt, NASA-nın tədqiqat missiyası üzrə qrupun rəhbəri Con Qransfeld həmkarının optimizmini dəstəkləyib. Onun fikrincə, Günəş sistemində də, bu sistemdən kənarda da həyat əlamətləri çox yaxın zamanlarda kəşf olunacaq: “Bizim Günəş sistemində bütün proseslər bir istiqamətdə inkişaf edir – istər buz peyk, istər Mars, istərsə də qonşu ulduzların planetləri olsun”.
Həyatın yaranması üçün əsas komponent sayılan su ilə Günəş sistemində və başqa ulduz sistemlərində də rastlaşmaq mümkün olub. Yupiterin Avropa və Hanimed peyklərinin və Saturnun peyki Entseladanın səthində okeanlar aşkarlanıb. Əvvəl Marsın da okeanla örtülü olduğu bildirilirdi.