Toni Bleyer: Böyük Britaniyanın Avropa İttifaqından çıxması xaosa səbəb olacaq
Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının xaosa səbəb olacağını bildirən keçmiş Baş nazir Toni Bleyer bu planla bağlı hazırkı hökumət başçısı Devid Kemeronu tənqid edib.AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir Devid Kemeron bir ay sonra keçiriləcək seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin Avropa İttifaqından çıxmasına dair referendum keçirməyi vəd etmişdi.
Toni Bleyer deyib ki, bu halda iş yerləri təhlükə qarşısında qalacaq, investisiya qərarları təxirə salınacaq və ya ləğv olunacaq, Britaniya iqtisadiyyatı isə çətin proqnozlaşdırılan vəziyyətə düşəcək.
Mühafizəkarların fikrincə, Leyboristlər Partiyasının keçmiş lideri Toni Bleyerin seçkiqabağı kampaniyaya müdaxilə etməsi leyboristlərin hazırkı lideri Ed Milibandın mövqeyinin zəif olmasının sübutudur.
Britaniyanın Avropa İttifaqında üzvlük məsələsi mayın 7-də keçiriləcək seçkilərə təsir edə biləcək əsas amillərdəndir. Mühafizəkarların lideri Devid Kemeron 2017-ci ildə referendum keçirməyi vəd etsə də, onun özü Avropa İttifaqında islahatlar aparılacağı təqdirdə qurumda qalmağın tərəfdarıdır. Leyboristlər Aİ-dən çıxmağın əleyhinə, Müstəqillik Partiyası isə lehinədir.