Türkiyə Elektrik Paylama Şirkətinin (TEİAŞ) baş direktoru Kamal Yıldır istefa verib.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız martın 31-də ölkədə baş vermiş elektrik kəsintisi ilə bağlı aparılan araşdırma nəticəsində mikrosaniyələr içində 5 enerji paylama sisteminin dövrə xaricində qalmasını müəyyənləşdirdiklərini bildirib: “Şərqdən qərbə gələn xətlərin yükü sıxlaşıb. Bu, texniki bir qəza olmaqla yanaşı, həm də əməliyyat səhvi kimi qiymətləndirilir. Sistem özünü qorumaq istəyərkən bunlar yaşanıb. TEİAŞ baş direktoru vəzifəsindən istefa verdi. Bəzi digər səlahiyyətli şəxslərin rolu da araşdırılır”`.Xatırladaq ki, Türkiyədə martın 31-də yerli vaxtla saat 10:36-dan etibarən Ankara və İstanbul kimi böyük şəhərlər də daxil olmaqla, bütün ölkə boyu elektrik enerjisinin nəqli dayanıb.