Türkiyə Xarici İşlər Nazirliyi 24 apreldə Çanaqqalada keçiriləcək mərasimlə əlaqədar mətbuatda çıxan bəzi iddiaların dedi-qodu olduğunu bildirib.
APA-nın Türkiyə müxbirinin “Bəzi köşə yazarları mərasimə dəvət ediləcək olan dünya liderlərinin sayının 77-dən 30-a düşdüyünü yazıblar. Bunlar həqiqətə nə dərəcədə uyğundur” sualına XİN-in rəsmi nümayəndəsi belə cavab verib: “Türkiyə Xarici İşlər Nazirliyi 24 apreldə Çanaqqalada keçiriləcək mərasimdə iştirak edəcək ölkə liderlərinin sayının artması və ya azalmasıyla bağlı heç bir məlumat vermir. Haqqında bəhs etdiyiniz məlumat XİN-dən getmədiyinə görə dedi-qodudan başqa bir şey deyil. Mərasimə hazırlıqlar planda nəzərdə tutulduğu şəkildə davam edir”.Qeyd edək ki, Çanaqqalada keçiriləcək tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.