Soydaşımız xəstəxanaya yerləşdirilib

Soydaşımız xəstəxanaya yerləşdirilib backend

Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan azərbaycanlılardan biri Maqadan Kliniki Xəstəxanasına yerləşdirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən şəxs "Uzaq Şərq" gəmisində olan yeddi nəfər azərbaycanlıdan biri, 1964-cü il təvəllüdlü Əliyev Elman Sərdan oğludur.

Gəmidə usta vəzifəsində çalışan Elman Əliyev aprelin 2-də xilas olunub. Elman Əliyevin vəziyyəti ağır olduğundan onu xilas olunanların yerləşdirildiyi "Andramed" gəmisi ilə deyil, Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə Maqadana çatdırıblar.

Qeyd edək ki, Oxot dənizində gəminin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.

Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü - Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqovun xilas olunublar. Adıçəkilən azərbaycanlıların xilas olunanları daşıyan "Andramed" gəmisində olduğu, gəminin Saxalin istiqamətində hərəkət etdiyi bildirilib.

Digər üç azərbaycanlı - Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Fazil Şəkərovun taleyi hələ də naməlum olaraq qalır.

Rusiya FHN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmin üç nəfərin xilas edilib-edilmədiyi, hansı vəziyyətdə olduqları araşdırılır: “Həmin şəxslərin xilas olunmuşların, ölənlərin və ya itkin düşmüşlərin siyahısında olub-olmadığını yalnız gəmi Saxalin vilayətinə çatandan sonra bilmək mümkün olacaq. Aprelin 3-də xilas edilmiş şəxslərin və həyatlarını itirmiş dənizçilərin cəsədləri olan "Andramed" gəmisi Saxalinə istiqamət götürüb. Hava şəraiti ilə əlaqədar gəminin aprelin 7-də Saxalinə çatacağı ehtimal olunur”.
Diaspora