Türkiyə sərhədə 41 min əsgər toplayıb - hər an Suriyaya girə bilər

Türkiyə sərhədə 41 min əsgər toplayıb - hər an Suriyaya girə bilər backend

Türkiyənin Suriya ilə sərhəddə təhlükəsizlik zolağını yaratmağa dair hərbi addımlarını ciddiləşdirir. Teleqraf.com Türkiyə mediasına istinadən qeyd edir ki, El-Bab əməliyyatından sonra Özgür Suriya Ordusunun (ÖSO) müəyyən qədər zəifləmə ehtimalını nəzərə alaraq 41 min əsgər Türkiyə-Suriya sərhədində hazır vəziyyətə gətirilib.

Bildirilir ki, İŞİD-in çox əhəmiyyətli bölgə hesab etdiyi ərazinin ələ keçirilməsi üçün Türkiyənin quru qüvvələrinin Suriya ərazisinə daxil olma ehtimalı güclüdür. Firat Qalxanı əməliyyatı çərçivəsində Çobanbey və Cerablus arasındakı bölgəni İŞİD-dan təmizləyən Türk Silahlı Qüvvələri və Suriya ərazisində Türkiyənin hərbi addımlarına dəstək verən Azad Suriya Ordunun yeni hədəfi Əl-Babdır. İŞİD-ın qüvvələrinin cəmləşdiyi Əl-Bab-a doğru irəliləmək hazırda ciddi əhəmiyyət kəsb edir. Lakin bu mühüm ərazinin ancaq Azad Suriya Ordunun gücü ilə ələ keçirilməsi riskli sayılır. Bu ehtimala qarşı Türkiyə Baş Qərargahı B planını ehtiyat variant kimi saxlayır. Firat Qalxanı hərəkatına qədər minlərlə əsgəri Suriya ilə sərhəddə yerləşdirən Türk Silahlı Qüvvələri Əl-Bab əməliyyatında uğursuzluğun baş verməməsi üçün işini etibarlı tutur.

Hurriyet.com hərbi mənbələrə istinadən bildirir ki, Suriyadakı əməliyyatlara dəstək məqsədilə Türkiyənin sərhəddə topladığı əsgəri personalın sayı 41 mindən az deyil.

Türkiyənin “Yeni Şafak” qəzetinin xəbərinə görə, Suriyanın ən əhəmiyyətli şəhəri hesab olunan Hələbin şimal hissəsində bir çox bölgə hazırda İŞİD terror şəbəkəsinin nəzarətindədir. Əl-Bab başda olmaqla Sarvan, Dabi, Hötümlet, və Aktar adlı ərazilərə də İŞİD nəzarət edir. Azad Suriya Ordusunun daxilində olan müəyyən problemlər, habelə bölgədə yenidən PYD təhdidinin artması Türkiyənin Suriyaya quru qoşunlarını etap etməsi ehtimalını gücləndirir.

Qeyd edilir ki, İŞİD şəbəkəsinin bölgədə 150-dən çox yaşayış məntəqəsinə və 4 min canlı qüvvəyə malik olması Firat Qalxanı əməliyyatına Türk quru qoşunlarının dəstəyinin zəruri edən faktordur. Eyni zamanda İŞİD-in 4 min hərbi gücünə qarşı Azad Suriya Ordusunun əsgəri sayı 1800 nəfərdən çox deyil. Üstəlik bu əsgərlərin döyüş əhval-ruhiyyəsinin yüksək dərəcədə olmaması və yorğunluq əməliyyatın gedişinə mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən də Türk Silahlı Qüvvələri öncədən müəyyən tədbirlər görür.