QAZİLER.AZ Sherq.az-a istinadla bildirir ki, Adnan Oktarın Azərbaycandakı tərəfdarları tora düşüb. Yəqin ki, evində peyk antenası vasitəsi ilə televiziya izləyən insanların hamısı Türkiyənin "A9” kanalını az da olsa izləyib. Bu kanalın studiyasında saqqallı bir kişi oturur bir tərəfdə, yanında da bir çox ölkələrin, eləcə də Azərbaycanın bayrağı, qarşısında isə açıq-saçıq geyimli, dodağı və sinəsi silikonlu qızlar, qəribə saç düzümünə və geyim tərzinə malik, əsasən gənc oğlanlar əyləşirlər. Studiyada dinləyicilərinin Adnan hoca deyə xitab etdikləri bu saqqallı kişi "Harun Yahya” ləqəbli Adnan Oktardır. Studiyada əyləşən dinləyicilər isə onun tərəfdarları, məsləkdaşlarıdırlar. Oktar qızlara "kediciklər”, oğlanlara isə "imamlar” deyə xitab edir. "Maşallah”, "İnşallah” sözlərindən bol istifadə edən bu hoca dindən, mənəvi dəyərlərdən, yeni islam modelindən danışır. Amma "kedicik”lərinin studiyada çıxardığı oyunlar, rəqsləri, danışıq tərzləri, islam dini ilə ziddiyyət təşkil edir.
Əslində Adnan Oktar kimdir?Adnan Oktar 1956-cı il fevralın 2-də Ankarada dünyaya gəlib. Əsl adının Adnan Arslanoğulları olduğu bildirilir. İstanbul Universitetində memarlıq fakültəsinə daxil olsa da, sonradan Ədəbiyyat fakültəsində fəlsəfə və tarix üzrə təhsilini davam etdirib. 1987-ci ildə "Harun Yahya” imzasıyla "Yəhudilik-Masonluq” adlı kitab yazıb. O, "Texniki və Elmi Araşdırma” və "Milli Dəyərlərin Mühafizəsi” Vəqfinin qurucusu və fəxri sədri sayılır. Dini təhsili olmayan Adnan Oktarın həm atası, həm də anası yəhudidir. 1979-80-ci illərdə "Adnan Hoca Qrupu” olaraq bilinən qruplaşmanı yaratmağa başlayıb. O dövrdə Yasin Gürlek və 2-3 adam da onun yanında olub. Daha sonralar isə tələbələr arasından 20-25 nəfərdən ibarət qrup yaradıb. O, qrupa üzv qəbul edərkən varlı, ağıllı, mədəniyyətli və gözəl şəxslər olmasına diqqət göstərib. Üzvlərin əsas vəzifəsi verilən təlimatları vaxtında yerinə yetirməkdir.
Türkiyə mətbuatının məlumatına görə, Oktarın dəstəsində kişi imamlar mühüm rol oynayır. Qrupa işçi qəbul etmək və imam səviyyəsində olmayan digər üzvləri istiqamətləndirmə, idarəetmə vəzifələri imamlara aiddir. Kişi imamların bir vəzifəsi də hocalarının cinsi əlaqədə olmağı üçün qadın və qız gətirməkdən ibarətdir. Qadın imamlar "kedicik”lər adlandırılır və 4 ayrı evdə qalırlar. Onlar ailələrindən ayrılaraq şəbəkəyə qatılan qadın üzvlərə nəzarət edirlər. Qrupa üzv olan hər bir qadın Adnan Oktar və digər imamlarla cinsi əlaqədə olmalıdırlar.
Cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır
Beynəlxalq axtarış sitəsində məsələ ilə bağlı araşdırma apararkən, Türkiyə mətbuatının yazdığı bir yazı qarşımıza çıxdı. Məqalədə bildirilib ki, Adnan Oktar cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə
çılpaq namaz qıldırır. Bunu etiraf edən həmin qızlardan biri olub. "Habertürk” kanalı belə bir məlumat yayımlayıb ki, "Elmi araşdırma vəqfi” adı altında fəaliyyət göstərən Adnan Oktar və adamlarının şəbəkəsinə düşərək illərcə yanlarında qalan bir gənc qızın verdiyi ifadə vəqfin iç üzünü ortaya çıxarıb. Yazıda seks obyektinə çevrilən gənc qızın hazırlanan iddianamədəki ifadəsi də yer alıb. Gənc qız yaşadıqlarını belə izah edib: "16 yaşımdaykən biriylə tanış oldum. Sonradan onun Adnan Oktar tərəfarı olduğunu öyrəndim. Dini söhbətlər də edərək, namaz qılmağımın lazım olduğunu, ancaq bu namazın hər kəs tərəfindən bilindiyi şəkildə deyil, gündə iki dəfə, səhər və axşam iki rükət, hər rükətdə bir neçə söz istifadə etməklə qılacağımı söylədi. Hətta çılpaq (lüm-lüt) da namaz qıla biləcəyimi söylədi”.
"42 kişi ilə müxtəlif yollarla cinsi əlaqədə oldum”
"Onun təzyiqləri nəticəsində qrupdakı kişilərlə cinsi əlaqədə oldum. Məni inandırdılar ki, onlarla cinsi əlaqədə olduğum təqdirdə Allah yanında böyük bir savab işləyəcəyəm. Nəticədə qrup üzvü olan 42 adamla oral və anal yollardan cinsi əlaqəyə girdim. Cinsi xəstəliklərə tutuldum, müalicə aldım. Qrupun içərisində, "cəriyə” kimi adlandırılan qızların evinə gedib gəlməyə başladım. Adnan Oktarın yazdığı kitabları davamlı oxudum. Qardaşlar olaraq bildiyimiz qrup üzvlərinin evlərində cinsi əlaqəyə girdik. 7 qız da kişilərlə davamlı əlaqəyə girirdi. Hətta əlaqəyə girdiyimizdə başqa kişilər otaqlara rahatca girib çıxırdı”.
Gənc qız Adnan Oktarla qarşılaşmasını isə belə izah etdi: "Mənə xəbər verdilər ki, Adnan hoca gələcək və mən dərhal açıq rəngli bir paltar geyinməliyəm. Adnan Hoca gəldikdə ayağa qalxdım. Bizə baxacağını söyləyərək yanına çağırdı. Əlləri ilə bellərimizin incəliyinə nəzarət edib dodağımızı aşağı itələyib ağzımıza baxdı”.
Azərbaycandakı "Harun Yahya” şəbəkəsi...
Onu da qeyd edək ki, "Harun Yahya” dini düşüncələrinin Azərbaycanda da təbliğatçıları var. Hocanın Azərbaycanda da şəbəkəsi mövcuddur. "Azərbaycanlılar çox tərbiyəlidir, çox hörmətlidirlər, əxlaqları idealdır” deyən Adnan Oktarın verilişlərində dəfələrlə azərbaycanlılar iştirak edib.
Ölkəmizdən Ramiq Vəliyev, Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Sevinc Haqverdizadə, Elvin Pirquliyev Türkiyənin "A9” televiziyasında "Adnan Oktarla söhbətlər” proqramında iştirak ediblər.
Qısa bir araşdırmamız nəticəsində öyrəndik ki, Ramiq Vəliyev Adnan Oktarın tərəfdarlarının Azərbaycan şəbəkəsinə rəhbərlik edir. Onun evli olduğu Aysel Vəliyeva da Adnan Oktar ideyalarının daşıyıcısıdır. Ramil Rüstəmov isə "Harun Yahya”nın Azərbaycan şəbəkəsinin ən fəal üzvlərindəndir.
Ər-arvadın canfəşanlığı...
Ramiq Vəliyev Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri, onun həyat yoldaşı Aysel Vəliyeva isə həmin təşkilatın sədr müavinidir. Feysbukdakı araşdırmalarımız nəticəsində məlum oldu ki, bu təşkilat türk-islam birliyini, islam mənəviyyatını təbliğ edir. Amma hər iki şəxsin səhifələrində mütəmadi olaraq Adnan Oktarın videoları, dediyi fikirlər paylaşılır. Onun kitablarının, fikirlərinin təbliğatı aparılır. Ümumiyyətlə ər-arvad hər gün "A9” telekanalında gedən verilişləri, hocalarının fikirlərini paylaşıb, "əsl islam belə olmalıdır” düşüncəsini yayırlar. Ətraflarında xeyli adamın toplaşdığı bu şəxslər, mütəmadi olaraq verilişlər hazırlayır, özlərinə aid saytda yayımlayırlar. Aparıcı isə Aysel Vəliyevadır. "Harun Yahya” fikirləri üzərində qurulan "Yaradılış Azərbaycan” adlı proqram feysbukda 17 min 755 izləyicisi olan Aysel Vəliyevanın profilində, eyni zamanda rəhbərliyində olduğu təşkilatın saytında, öz şəxsi saytında, "Yaradılış Azerbaijan” adlı qrupda yayımlanır. Verilişin bir neçə dəqiqəsini izləmək kifayət edir ki, oradan "A9” kanalındakı proqramların qoxusu gəlsin.
Ramiq Vəliyev isə mütəmadi olaraq tərəfdarları ilə toplantılar keçirir, tədbirlər haqqında sosial şəbəkələrdəki profilində məlumatlar verir, şəkillər paylaşır. Yazılar deməyə əsas verir ki, toplantılarda əsasən "Harun Yahya” ideyaları müzakirə edilir. "İslam terrorun mənbəyi deyil, həllidir” devizini rəhbər tutan Ramiq Vəliyevin feysbukdakı son paylaşımlarından biri diqqət çəkir. Vəliyev Adnan Oktarın dodağı, döşü silikonlu "kedicik”lərindən birinin şəklini paylaşaraq, üzərində belə bir ifadə yazıb: - "Qadınların Quran oxuyarkən hicablı olması lazım buyrulan bir ayə Quranda yoxdur”. Oktar təbliğatçısının bununla bağlı paylaşımları, bu tip yanaşmaları, "Harun Yahya”nın fikirləri yer alan videoları paylaşması səhifəsində "N” qədərdir.
Vatsap yazışmaları...
Təbii ki, islam dininin normal təbliği aparılsa idi, bunun ziyanlı tərəfi haqqında düşünmək yersiz olardı. Amma faktiki olaraq Adnan Oktarın baxışlarındakı islam modeli bizim üçün uyğun gəlmir. Mücərrəd, milli-mənəvi dəyərlərimiz baxımından bizim topluma zidd olan baxışların təbliği birmənalı deyil.
Ən diqqətçəkən məqamlardan biri də, azərbaycanlı bir neçə qızın Adnan Oktarın toruna düşməsi ilə bağlı xəbərlərin olmasıdır. Belə ki, bir müddət bundan öncə bir neçə azərbaycanlı qızın "A9” kanalında "kedicik” kimi iştirakıdır. Bundan başqa, bir müddət öncə Adnan Oktar təriqətinə qoşulmuş bir qız saytların elektron ünvanına məktub göndərmişdi.
Adını anonim saxlayan xanım vaxtı ilə Adnan Oktarın təriqətində olduğunu deyirdi: "Mən dünənə kimi Azərbaycanda Adnan Oktar təriqətinə aldadılaraq qoşulmuş biz qızam. Sizlərin mediada bu təriqəti ifşasından sonra sanki yuxudan yeni ayıldım. Bizim burada başçımız kimdir - bunun hamısını bilirsiniz. Azərbaycandan bizi yönləndirənləri də bilirsiz. Biz burda 50-dən çox qız toplanırıq. Burda 50-dən çox qız bir yerdəyik. Aramızda evlisi də var, subayı da. Ofisdə ümumi mobil telefonumuz var. Xaricə zənglər də həmin telefondan edilir. Mənim bu gün son günümdür. Məndən şübhələnməsinlər deyə işdən başqa ad altında ayrılıram. Ayrılmamışdan əvvəl başçımızın Adnan Oktarla "WhatsApp”da yazışmasını sizə göndərirəm”.
Həmin iyrənc yazışmaları da qız məktuba əlavə etmişdi.
Azərbaycanlı qız yazmışdı ki, toplantıda olanda telefon otaqda qalır və o da otaqda redaktə işi ilə məşğul olur: "Bizim başçımızın Adnan Oktarla "WhatsApp” yazışmasını telefonuma çəkdim. Mənim də Azərbaycan qızlarına əxlaqsız təriqətə aldanmamaları üçün bir hədiyyəm olsun. Oxuyun, görün qızlarımızı hara aparırlar və ümumiyyətlə, "Canan” ləqəbli xanımın nə qədər əxlaqsız olduğunu görün. Amma adımı gizli saxlayın”.
"Çılpaq namaz qılmaq nə deməkdir?!”
Bu xanımın dediyi kimi, Adnan Oktarın Azərbaycandakı "imam”ları, qızlarımızı bu təriqətə yönləndirənlər kimlərdir. Yuxarıda adlarını çəkdiyimiz insanlar deyil ki?
Millət vəkili Tahir Kərimli deyir ki, islamda ümumiyyətlə təriqətçilik qəbuledilməzdir: "Mən düzü, Adnan Oktarla bağlı araşdırma aparmamışam. Bilmirəm o hansı dinə, imana qulluq edir. Safı nədir, niyyəti nədir, bundan da xəbərsizəm. Amma bir-iki dəfə rastıma çıxıb verilişləri. Çox əndrabadi şeylərdən danışır. Çılpaq qızları başına yığıb, islamdan danışır. Lüt qız hara, islam hara?!. Çılpaq namaz qılmaq nə deməkdir. Mən bunu anlamıram. Hər halda xeyirli bir şey deyil. Bu zərərli təbliğatın Azərbaycanda yayılması çox pis bir haldır. Mən o təbliğatçıları da tanımıram. Amma zərərli elementlərin ölkəmizdə yayılmasına kəsinliklə qarşıyam. Qızlarımızı o cür mənəviyyatsız şəbəkəyə cəlb edən insanlar haqqında ölçü götürülməlidir. Yaxşı olardı ki, aidiyyəti qurumlar bu məsələ ilə məşğul olsunlar. Belə ziyanlı təbliğatın qarşısı alınmalıdır. Hər kəs bu ölkədə öz təriqətini, ideyalarını yaya bilməz. Bu yolverilməzdir”.
Millət vəkilinin də söylədiyi kimi, ziyanlı təriqətlərin ölkəmizə ayaq açmasına yol vermək olmaz. Nə qədər ki gec deyil, nə qədər ki bu cür ziyanlı təbliğat çox yayılmayıb, qarşısının alınması lazımdır.
Anar Bayramoğlu
Şherq.az