Belarus polisi Rusiya ilə sərhəddə səngər qazan gəncləri saxlayıb

Belarus polisi Rusiya ilə sərhəddə səngər qazan gəncləri saxlayıb backend

Səngər qazan 2 gənc fəal dövlətin üst-üstə 14 nümayəndəsi ilə üz-üzə qalıb.

Belarusda qeydiyyatsız "Gənc cəbhə" təşkilatının fəalları Rusiya sərhədindən 25 km uzaqlıqda yerləşən Vetka rayonu Sponitskaya Rudnya kəndinin meşələrində nümayişkaranə şəkildə səngər qazıblar.

Aksiyanın başlanınca…

Əvvəlcə bir neçə meşəbəyi, daha sonra isə mülki geyimli şəxslər bu ərazidə peyda olublar.

Onların ardından zirehli jilet geymiş əliavtomatlı polislər və yanğınsöndürənlər də özlərini yetiriblər. Beləcə, səngər qazan 2 gənc fəal dövlətin üst-üstə 14 nümayəndəsi ilə üz-üzə qalıb.

İki protokol tərtib edilib

Polis səngərqazanlarla bağlı iki protokol tərtib edib. Protokollardan biri meşənin torpaq örtüyünün korlanması, digəri aksiyaçıların maşınındakı tibbi yardım çantasında zəruri gərəklərin olmaması ilə bağlıdır.

Fəallar araşdırma aparılmaq üçün saxlanıblar.

Yarış avtomatı tapılıb?

Onlardan birinin – təşkilatın rəhbəri Dmitri Daşkeviçin avtomobilindən yarış avtomatının tapıldığı deyilir.

Daşkeviç polisə rus dilini bilmədiyini söyləyib. Onu dindirmək istəyən polis meşəyə Belarus dili müəllimi çağırıb.

Aksiya Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır

"Gənc cəbhə" təşkilatının aksiyası Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır. Aksiyaya qatılanların fikrincə, belaruslar da Rusiyanın mümkün təcavüzünə qarşı dirənməyə hazır olmalıdırlar. Aksiyanın keçirildiyi yerdən 76 km uzaqlıqda rus hərbçilərinin dislokasiya edildiyi Klintsı şəhəri yerləşir.