Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisdə keçirilən üçtərəfli görüşü başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdən sonra hər üç nazir jurnalistlər üçün mətbuat konfransı keçirib.
Gürcüstanın müdafiə naziri Mindia Canelidze görüşün səmərəli keçdiyini və aparılan danışıqların qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına xidmət edəcəyini bildirib: “Bizim görüşlərimiz yeni imkanlar açır, dostluq əlaqələrini möhkəmləndirir”.Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçiriləcəyini söyləyib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da üçtərəfli görüşü yüksək qiymətləndirib və böyük əhəmiyyət daşıdığını bəyan edib: “Bu gün keçirdiyimiz görüşdə çox mühüm və faydalı məsələlər müzakirə olundu. Silahlı qüvvələrin inkişafı məsələləri ilə bağlı çox mühüm mesajlar verildi. Bunlarla yanaşı, xüsusi olaraq qeyd edildi ki, həm siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından bu əməkdaşlıq çox vacibdir. Biz qarşılıqlı təhsil mübadiləsini də həyata keçirməyi planlaşdırmışıq”.
Z. Həsənov görüşdə regionda mövcud olan təhlükələr barədə də məlumat verdiyini vurğulayıb: “Qeyd etdim ki, Ermənistan hər üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir, bizim mədəni-tarixi abidələrimizi məhv edir. Biz bu vacib məsələləri diqqətdə saxlamalıyıq”.