KXDR-in maşınqayırma zavodlarının birində yüngül tipli mülki təyyarələrin istehsalına başlanılıb. Şimali Koreyan lideri Kim Çen In həmin təyyarələrin birinin sükanı arxasına keçərək onu şəxsən havaya qaldırıb. Bu barədə aprelin 1-də Pxenyan KİV-lərinin monitorinqi ilə məşğul olan Yaponiyanın “Radio-press” agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın “Nodon sinmun” qəzeti Kim Çen Inın təyyarənin kabinəsində çəkildiyi fotoşəkillərinin də yer aldığı yoxlama uçuşlarının foto seriyasını dərc edib. Yaponiya agentliyi prezidentin təyyarəni şəxsən idarə edərək onu havaya qaldırdığını və eniş etdiyini yazıb.Həmçinin aviasiyaya marağı ilə tanınan KXDR liderinin “özünün göstərişi ilə cəmi bir ilə hazırlanan və milli avadanlıqla təchiz edilən” yeni təyyarələrin keyfiyyətini təqdir etdiyi bildirilir. “Təyyarə yüksək xasiyyətlərə malikdir. Onu idarə etmək asandır, mühərrikinin də səsi yaxşıdır” – deyə Kim Çen In qeyd edib.
Maşınqayırma zavodunda KXDR-in başçısı ilə birlikdə Koreya xalq ordusunun əsas siyasi idarəsinin rəisi vitse-marşal Xvan Byon So, həmçinin digər hərbi və siyasi xadimlər də olublar.