Donald Trump-ın kampaniya komandası bütün rusiyapərəst əlaqələri aşkar etməlidir, Hillary Clinton-un meneceri bildirib.
New York Times qəzeti yazır ki, 2007-2012-ci illərdə cənab Trump-ın kampaniyasının rəhbəri Paul Manafort Ukraynada rusiyapərəst siyasi partiyadan nəğd pullar əldə edib.Onun vəkili qeyd edib ki, cənab Manafort belə bir ödəniş almayıb.
Cənab Trump-ın Rusiya ilə əlaqələri ABŞ-da seçkilər ərəfəsi tez-tez müzakirə edilir.
New York Times qəzetində yazılan məqalədə deyilir ki, cənab Manafort və onun biznesi Ukraynanın sabiq rusiyapərəst prezidenti Viktor Yanukoviçə məsləhətlər verilməsində böyük rol oynayıb.
Ukraynanın Anti-Korrupsiya Bürosu cənab Yanukoviçin o vaxt rəhbərlik etdiyi Regionlar Partiyasının "qanundan kənar mühasibatlıq sistemi"ndə ödəniş siyahıları barədə məlumat açıqlayıb.
Büro həmçinin cənab Manafort-un biznesinin yardımı ilə milyon dollarlıq biznes müqavilələrini araşdırdığını qeyd edib.
Hərçənd büro hələlik cənab Manafort-un 12.7 milyon dolları əldə edib-etmədiyini müəyyənləşdirməyib.
The Times qəzeti cənab Manafort-un vəkili Richard Hibey-dən sitat gətirib ki, onun müştərisi belə bir iş görməyib.
"Dəlil olmadığı halda kimisə bu cür ittihamlarla qaralamaq doğru deyil və biz nə vaxtsa belə bir sübutun ola biləcəyini inkar edirik".
Cənab Yanukoviç qiyamdan sonra Rusiyaya üz tutub və Moskva ilə qərbpərəst Kiyev hökuməti arasında münaqişə start götürüb.
İki ildir davam edən münaqişədə təxminən 9,500 insan həlak olub.
Demokratlar Rusiyanı cənab Trump-ın kampaniyasına dəstək göstərməyə cəhddə ittiham edir.