İran dövlət qurumları adının “əsil İslam toplumunun mədəniyyətinə zidd” olduğunu irəli sürərək 3 il yarım öncə İranın Qərbi Azərbaycan vilayətində dünyaya gəlmiş Oğuz Kaan adlı uşağa bu günə qədər şəxsiyyət vəsiqəsi (kimlik) verməyib.
Qaziler.az “Azmerikanın səsi”nə istinadən xəbər verir ki, İran İslam Rerspublikasının Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərində yaşayan Feyzullahnejad ailəsinin 2011 avqust ayından bəri övladlarına şəxsiyyət vəsiqəsi almaq üçün göstərdiyi cəhdlər nəticəsiz qalıb.Yayılan məlumata görə, İranın vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinin Makı şöbəsi türkcə Oğuz Kaan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etdikdən sonra, uşağın atası məhkəməyə müraciət edərək idarədən şikayət edib. Amma məhkəmədən çıxan hökmdə də dövlət qurumunun mövqeyi əks olunub.
Makı şəhəri ümumi məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan məhkəmə sənədinin təsvirində yazılır: “Şikayətçi Sadıq Feyzullahnejad vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsi Makı şöbəsinin oğluna seçdiyi adı qəbul etmədiyini iddia edir.
Cavabdeh isə seçilən adın İslam və şəriət mədəniyyətinin qəbul etdiyi adlar daxilində olmadığı və əsil İslam toplumunun mədəniyyətinə zidd olduğunu bildirir... Məhkəmə araşdırmadan sonra, seçilən adın təsdiq edilən adlar siyahısında mövcüd olmadığı üçün cavabdeh qurumun haqlı olduğuna və şikayətin ləğvinə qərar verir.”
“Oğuz Kaanın ailəsi övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyi təqdirdə səhiyyə xidmətləri və vətəndaşlıq hüququndan məhrum qalacağından narahatdır”- deyə bildiriblər.