Rusiyanın "Sarqrad" telekanalında iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin qarşısının alınması, bu çevrilişin arxasında duran qüvvələr və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqın geniş dəstəyinə arxalanaraq qiyamçılarla mübarizəsindən bəhs edən "Türkiyə. Çevriliş. 2016-cı ilin iyulu" adlı sənədli film nümayiş olunub.
Rusiyanın ən nüfuzlu politoloq, analitik və siyasətçilərindən biri sayılan Aleksandr Duqinin hazırladığı bu filmdə qiyamın arxasında duran şəxslərin Fətullah Gülənin göstərişi ilə hərəkət edən adamlar olduğu vurğulanıb.ABŞ-ın Pensilvaniya ştatında yaşayan "Hizmet" hərəkatının lideri Fətullah Gülənin isə təlimatları Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) aldığı iddia olunur.
Ultramühafizəkar pravoslav "Sarqrad" telekanalının sahibi, "Katexon" analitik mərkəzinin təsisçisi Konstantin Malofeyev filmdə 2015-ci ilin dekabrında Moskvada Türkiyə ordusunun bir qrup generalı ilə aparılmış məxfi danışıqlardan da bəhs edib. Həmin görüşdə türk generallar deyiblər ki, Rusiyanın Su-24 bombardmançı təyyarəsi Türkiyə ordusunda Fətullah Gülən tərəfdarlarının hazırladıqları və reallaşdırdıqları təxribat nəticəsində vurulub.
"Sarqrad" telekanalının baş redaktoru Aleksandr Duqin isə Türkiyəyə son konfidensial səfərinin təfərrüatları barədə ilk dəfə danışıb. 2016-cı ilin martında Türkiyənin hakimiyyət dairələrinin dəvəti ilə Ankaraya yollanan Duqin orada Rusiya və Türkiyə arasında pozulmuş münasibətlərin bərpası yollarının aranmasına yönəlmiş müzakirələrə qatılmışdı.
"Məhz həmin görüşdə türklər ilk dəfə dedilər ki, Rusiya və Türkiyə arasındakı münasibətlərin korlanmasının səbəbkarları okeanın o tayındadır. Və həmin qüvvələr də Fətullah Güləndən, onun yaratdığı və rəhbərlik etdiyi "Hizmet" hərəkatından, yəni "nurçular"dan yararlanıblar". Və həmin görüşdə o da vurğulandı ki, Türkiyə xarici siyasət vektorunu dəyişəcək, bundan sonra NATO ilə əlaqələrin maksimum dərəcədə intensivləşməsi əvəzinə Türkiyə, Rusiya, İran və Çin münasibətlərinin inkişafına fikir verəcək", - Duqin deyib.
O, "Sarqrad" telekanalının birbaşa efirində daha sonra söyləyib: "Gülənin adamlarının "edam siyahısı"nda Ankaranın meri 10-cu adamdı. Birinci adam isə Rəcəb Tayyib Ərdoğan idi. Ümumiyyətlə, Ərdoğanın yaxın ətrafında olan və Rusiyaya münasibətlərində dəyişikliklər edərək Moskva ilə əlaqələrin bərpasını düşünənlərin hamısı Gülənin siyahısında "məhv edilməsi gərəkən" şəxslər sayılmışdılar. Bütün bunlar Türkiyənin yad qüvvələrdən asılı ölkəyə çevrilməsini istəyən adamlara sərfəli idi".
Duqinin sözlərinə görə, iyulun 15-dən 16-na keçən gecə Rəcəb Tayyib Ərdoğan Marmarisdəki oteldə, istirahətdə idi. Çevrilişə cəhdin başlanmasından bir neçə saat əvvəl ona olayla bağlı xəbərdarlıq olunub.
Duqinin iddialarına görə, çevrilişin hazırlandığı barədə məlumat Ankaraya Suriyadakı Hmeymim bazasındakı rusiyalı hərbçilərin əldə etdiyi kəşfiyyat informasiyaları əsasında ötürülüb: "Çevrilişə cəhd başlananda İstanbulda, hava limanında idim. Həyatımla vidalaşmağa hazırlaşırdım, çünki qiyamçıların niyyətlərinə çatacaqlarını düşünürdüm. Amma sonra yəqin etdim ki, qiyamçılar uğursuzluğa düçardır - onları Türkiyə xalqı dəstəkləməyəcəkdi".
A.Duqin daha sonra iddia edir ki, Türkiyədə hərbi çevriliş cəhdinə 2 milyard dollar xərclənmişdi.
Maraqlıdır ki, srağagün İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da sensasion bəyanatla çıxış edib: "Türkiyədə hərbi çevriliş cəhdinin arxasında Ankaraya hərbi dəstək verən, ona "müttəfiq və dost" olduqlarını deyən dövlətlər durur".
Türkiyədə iyulun 15-də gerçəkləşdirilən və uğursuzluqla başa çatan hərbi çevriliş cəhdinin faktiki rəhbəri ölkənin Hərbi-Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürkdür. Cəhdin ideoloqu isə Fətullah Güləndir.
Çevriliş cəhdindən sonra Türkiyədə təxminən 26 min nəfər saxlanılıb, onların 13419 nəfəri həbs olunub.
"Sarqrad" telekanalı və "Katexon" analitik mərkəzinin faktiki rəhbəri Aleksandr Duqinin bu açıqlamaları və filmi yetərincə maraqlı olaydır. Ən azı, ona görə ki, Rusiyada hakimiyyətə çox yaxın analitik və siyasətçi, geosiyasət məsələlərində Kremlin qeyri-rəsmi məsləhətçisi sayılan A.Duqinhəm də "avrasiyaçılıq" ideologiyasının əsas ideoloqlarından biri sayılır.