Yaxın saatlarda İstanbulun “Yenikapı” meydanında ümumxalq mitinqi başlayacaq. “Demokratiya və şəhidlər” şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır. Artıq mitinq meydanına insan seli axmaqdadır.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, ölkə müxalifətini təmsil edən Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyaları Türkiyə dövlətçiliyi naminə mitinqə qatılmaq təklifini qəbul ediblər. Razılıq əldə olunub ki, mitinqdə siyasi ayrı-seçkilik şüarları səsləndirilməyəcək.Bu mitinq Türkiyədə siyasi partiyaların birgə iştirak etdikləri ən böyük həmrəylik mitinqi kimi xarakterizə olunur. Mitinqə 5 milyona yaxın insanın qatılacağı gözlənilir.
Xarici və yerli KİV-lər mitinq yerindən birbaşa reportajlar yayırlar. Ankarada və ölkənin digər böyük şəhərlərində də həmrəylik mitinqləri təşkil olunub.