Azərbaycxan Milli Elmlər Akademiyası həyəcan təbili çalır. Dünyada su qıtlığı situasiyası artıq illərdən bəri mövcuddur. Eləcə də Azərbaycanda bu təhlükə yaşanır. Sözsüz ki xüsusilə bəzi rayonlarımızda yay fəslində bu məsələ daha qabarıq hala çatır. Əvvəlcə dünyada yaşanan su qıtlığının facəvi təfərrüatlarını nəzərinizə çatdıraq.
2070-ci ildən ən çox su qıtlığı çəkən Avropa ölkələri və Rusiyanın cənubu olacaqBMT-nin dünyanın su ehtiyatlarının vəziyyəti haqqında məruzəsində deyilir ki, su təchizatı və kanalizasiya infrastrukturu dünyada şəhər əhalisinin artımının öhdəsindən çətinliklə gəlir: “Üstəlik, şəhər əhalisinin 2050-ci ilədək iki dəfə artaraq 6,3 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Hazırda dünyada çirkab sularının 80 faizindən çoxu kollektorlara daxil olmur və təmizlənmir. 2050-ci ilədək dünyada ərzağa, xüsusən heyvandarlıq məhsullarına tələbatın 70 faiz artacağı gözlənilir. Ərzaq məhsulları istehsalının genişlənməsi nəticəsində kənd təsərrüfatında qlobal su istehlakı (bu gün şirin su ehtiyatlarının 70 faizi onun payına düşür) azı 19 faiz artacaq.
Su ehtiyatlarına artan tələbatın öhdəsindən gəlmək üçün yeraltı su mənbələrindən getdikcə daha çox istifadə olunacaq. Son 50 ildə yeraltı suların çıxarılması üç dəfə artıb. Bəzi yeraltı rezervuarlarda su ehtiyatlarının bərpası qeyri-mümkündür, çünki su son dərəcə aşağı səviyyəyə çatıb. Bununla əlaqədar olaraq bir çox ölkələr öz milli yurisdiksiyasından kənarda, xüsusən Afrika qitəsində münbit torpaqlar alırlar.
İqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcək. O, yağıntının paylanmasında, torpağın rütubətində, buzlaqların əriməsində, çay axarında, habelə yeraltı suların vəziyyətində əks olunacaq. Artıq indinin özündə daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin tezliyi və sərtliyi artıb”.
Məruzə müəllifləri iddia edirlər ki, 2030-cu ilədək iqlim dəyişmələri Cənubi Asiyada və Cənubi Afrikada ərzaq istehsalına əhəmiyyətli təsir göstərəcək: “2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon adamın həyatına təsir edəcək”
Yer kürəsi əhalisinin 80 faizi keyfiyyətsiz su içir
Su o nemət ki, həyatın yaranması və var olmağımızın əsas səbəbidir. Yer üzündə yaşayan bütün canlıların bədənləri 50 – 95% nisbətində sudan ibarətdir. Suyun qaynama tempraturuna yaxın istiliyə malik bulaqlarda yaşayan bakteriyalardan tutmuş, əriməkdə olan buzların üzərindəki bəzi yosunlara qədər suyun olduğu hər yerdə və hər tempraturda həyat vardır. Yağışdan sonra yarpaqların üzərində qalan su damcılarında da minlərlə mikroskopik canlı yaşayır, çoxalır və ölür.
Əgər su olmasaydı yer üzü necə görünərdi? Şübhəsiz hər yan səhralardan ibarət olardı. Dənizlərin yerində dibsiz və ürpədici çuxurlar qalardı. Göy isə buludsuz və çox əcaib şəkildə görünərdi.
Sözsüz ki, sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimin əhəmiyyətini daha aydın başa düşürük. Normal halda insan orqanizmində suyun payı 70 faizdən çox olduğundan suyun təmizliyini sağlamlıq üçün ən vacib amil saymaq olar. Həkimlər bildirir ki, orqanizmin hüceyrələrinə qida maddələri - vitaminlər, mineral duzlar su vasitəsilə verilir. İnsanın həyat fəaliyyəti nəticəsində yaranan tullantıları orqanizmdən çıxarır. Orqanizmin bütün sistemlərinin normal işi üçün insana gün ərzində minimum 1.5 litr su tələb olunur. İnsanın qəbul etdiyi bütün qidalar yalnız suda həll olmuş şəkildə həzm oluna bilir. Su olmasa bu proses dayanar.
Hər 6 nəfərdən 1-i...
Azərbaycan üçün də içməli su problemi getdikcə aktuallaşmaqdadır. İçməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalının artması, nəinki Azərbaycan, əksər dövlətləri problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Çünki içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Hazırda yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Yer kürəsində ümumi su balansı sabit saxlanıldığı halda, təxminən son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Nəticədə dünyada hər 6 insandan biri içməli su çatışmazlığından əziyyət çəkir. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər təxminən hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10 800, bir ayda 324000 min, bir ildə isə 3 milyon 888 min uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər standartlara uyğun olmayan içməli sudan istifadə ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Dünyanın əksər ölkələrində təmiz su ilə təmin olunmaq kəskin problemə çevrildiyindən eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayı 12-14 faiz, bir yaşa qədər ölənlərin sayı isə təxminən 18-20 faiz artıb.
Dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb. Suyun təmizlənməsi və daşınmasına çəkilən xərclər dünyada il ərzində təqribən 90 milyard dollar (2015-2025-ci illərdə bu xərclər 2-3 dəfə arta bilər) təşkil etsə də, problemin həllinə nail olmaq mümkün olmayıb. Bu kontekstdən çıxış edən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 2020-ci ilə qədər hazırladığı proqnozlara görə, 2020-ci ilədək inkişaf etmiş ölkələrin bir-birilə yanacaq resursları üstündə deyil, məhz içməli su üstündə savaşacaqları ehtimalı daha böyükdür.
Su qıtlığı müharibəyə yol aça bilər
Su problemi çağdaş dünyada o qədər ciddidir ki, su qıtlığının gələcək müharibələrə yol aça biləcəyi labüddür. Dünyanı bu labüd hadisədən xilas etmək üçün hər kəs, o cümlədən biz gənclər var qüvvəmizlə çalışmalıyıq.
Ərzağa artmaqda olan tələbat, sürətli urbanizasiya və iqlim dəyişmələri dünyanın su təchizatı sisteminin həddindən artıq yüksəlməsinə gətirib çıxarıb. İqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcək. O, yağıntının paylanmasında, torpağın rütubətində, buzlaqların əriməsində, çay axınında, habelə yeraltı suların vəziyyətində əks olunacaq. Artıq indinin özündə də daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin tezliyi və sürəti artır.
İçməli sudan səmərəli istifadə etməliyik
Artıq respublikamızda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə başlanılıb. Bu məqsədlə ölkə prezidentinin tapşırığı ilə “İçməli su” Milli Planı hazırlanıb. Həmin plana əsasən, 50-yə yaxın inzibati ərazi tədqiq olunub. “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində xeyli işlər görülüb. Dünya Bankının ekspertlərinin apardığı araşdırmalar zamanı müəyyənləşdirilib ki, Bakının su təchizatı sistemini dünya səviyyəsinə çatdırmaq üçün 2 milyard dollar, ölkə üzrə bu problemin həllinə isə 10 milyard dollar vəsait tələb olunur. Ekspertlərin qənaətinə görə, Oğuz və Qəbələdəki təbii su mənbələrindən Bakıya gətiriləcək su paytaxtın içməli su ilə təchizatında böyük rol oynayacaq. Həmin suyun keyfiyyəti də xeyli yüksəkdir və dünya standartlarına uyğundur. Keyfiyyətinə görə, Şollardan da üstün sayılan həmin mənbənin suyu yaxın vaxtlarda paytaxt sakinlərinin istifadəsinə veriləcək.
Respublikamızda əhalinin təmiz su ilə təminatı istiqamətində tədbirlər bölgələrdə də həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayı boyunca əhalini təmiz su ilə təmin etmək üçün sutəmizləyici qurğular quraşdırıb. İndiyədək Kür və Araz çaylarından su içən 224 min əhalisi olan 12 rayonun 122 kəndində sutəmizləyici modul qurğuları istifadəyə verilib. “Modul tipli sutəmizləyici qurğular” vasitəsilə kimyəvi maddələrdən təmizlənib əhaliyə verilən suyun keyfiyyətli olmasını Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirlikləri də təsdiqləyir".
Bütün bu tədbirlərə baxmayaraq, əhalinin sudan israfçılıqla istifadəsi problemin həllinə imkan vermir. Bu gün də əhalinin əksər hissəsi onsuz da tələbatı tam ödəmək iqtidarında olmayan içməli sudan israfçılıqla istifadə edir. Ekspertlər də hesab edir ki, içməli sudan səmərəli istifadə edilmədiyi təqdirdə görülən tədbirlərin heç biri problemin tam həllinə imkan verməyəcək. Təbiətin bizə bəxş etdiyi sudan daim istifadə etmək, özümüzün, yaxınlarımızın, həmçinin gələcəyimizin sağlamlığı naminə içməli sudan səmərəli istifadə etməliyik. Hər kəs bizə doğru gələn təhlükəni duymalı, tükənən sərvətdən qənaətcil istifadəyə alışmalıdır.
Rüfət Soltan