Pakistan İslam Respublikası Senatının müdafiə komitəsi Azərbaycan ilə Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və ermənilərin saxta “seçkilərini” tanımayan bəyanat verib.
Pakistanın Azərbaycandakı səfirliyindən Lent.az-a daxil olan məlumata görə, bəyanatda Pakistan Senatının Müdafiə komitəsinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri qəti şəkildə pislədiyi bildirilib.Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir. Ermənistanın Azərbaycan torpaqlarını işğalını tam pisləyir.
Bəyanatda o da vurğulanır ki, Pakistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmasını tam dəstəkləyir: “Qanunun aliliyi təmin edilməli, işğal dayandırılmalıdır. Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusi ilə də işğal olunmuş ərazilərdən olan azərbaycanlılarla həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir”.