Türkiyə öz istehsalı olan neft və qaz axtarışı üçün nəzərdə tutulmuş ilk TURKUAZ gəmisini suya buraxıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 115 milyon dəyəri olan gəminin uzunluğu 86 metr, eni isə 23 metrdir. Gəmi müasir seysmik kəşfiyyat avadanlıqları, laboratoriya və helikopter meydançası illə təchiz olunub. Gəminin suya buraxılması mərasimində baş nazirin müavini Bülənt Arınç iştirak edib. O bildirib ki, neft və qaz yataqlarının kəşfiyyatı illə yanaşı, gəmi həmçinin iqlim dəyişikliyi sahəsində də araşdırmalarda istifadə olunacaq. Dörd ilə inşa olunan gəminin istismar müddəti 30 ildir.
Qeyd edək ki, Türkiyə Qara dənizin qərb sahillərində geoloji kəşfiyyat işlərinin aparılmasına başlamaq niyyətindədir. Bu məqsədlə Ankara 1 milyard dəyərində neft platforması da tikməyi planlaşdırır.